27 Oktyabr 2021 12:39
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 3 000 ABŞ dollar, antik samovar və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Hidayətli, R.Həsənov və əvvəllər məhkum olunmuş T.Zeynalov saxlanılıb.

Bundan başqa, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki oyun zallarının birindən 5 440 manat dəyərində 8 ədəd prosessor, 2 ədəd monitor və 30 ədəd yaddaş qurğusu oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev tutulub.

Oxşar əməliyyat Nəsimi rayonunda da keçirilib.

Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Nəsimi rayonu ərazisindəki restoranların birindən 4 060 manat dəyərində noutbuk, 4 ədəd planşet və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 30-da Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini G.Muradovanın çantasından içərisində sənəd olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun A.Mirzəyeva və N.Əliyevanın çantalarından pul və sənəd oğurlaması da müəyyən edilib.

Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən 500 manat pul və 800 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini C.Qafarov saxlanılıb.


Müəllif: Hacı Zeynalov