Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Aparılan monitorinqlər zamanı bir neçə “Lada”, “VAZ”, “Mercedes” və “Tofaş” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi, dövlət qeydiyyat nişanı olmadan minik vasitəsinin idarə edilməsi aşkarlanıb.
Bundan başqa araşdırmalar zamanı bəzi sürücülərin şəhər ərazisində təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq sosial şəbəkələrdə paylaşması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkar edilib.
Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara "Yol Hərəkəti haqqında Qanun"un tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.