18 Noyabr 2014 16:40
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMİP lideri: "Bunu danmaq olmaz"

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov ötən həftə təmas xəttini pozan Ermənistana məxsus “Mİ-24” tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məsələyə münasibət bildirib.


E.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan ordusu düşmənin hərbi helikopterini vurmaqla çox vacib vəzifəni yerinə yetirib.

Onun sözlərinə görə, Azərbaycan ordusu bu addımı çoxdan atmalı idi: “Çünki düşmən işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz hərbi təlimlər keçirirdi. Azərbaycan Silahlı Qüvvələri həmin ərazilərdə düşmən hərbi qoşunların fəaliyyətinə imkan verməməlidir. Azərbaycan ordusu düşmənin hərbi helikopterini vurmaqla çox düzgün addım atıb. Bunu hər zaman davam etdirmək lazımdır. Bu cür uçuşlar olanda dərhal vurmaq lazımdır. Heç kimə də bu barədə izahat vermək lazım deyil. Çünki həmin ərazidə müharibə gedir”.


AMİP lideri bir sıra beynəlxalq təşkilatların bu hadisədən dərhal sonra yaydıqları bəyanatlara da toxunub: “Beynəlxalq təşkilatlar bunu hər zaman edir. Bundan çəkinmək lazım deyil. Azərbaycan ordusu işğal olunmuş ərazilərimizdə belə heç bir düşmən qüvvəsinin və texnikasının hərəkətlərinə imkan verməmlidir. Həm yerdə, həm də havada Ermənistan tərəfinə elə şərait yaradılmalıdır ki, onlar özlərini rahat hiss etməsin. Dağlıq Qarabağda separatçıların rahat fəaliyyətinə imkan verilməməlidir”.

E.Məmmədov qeyd edib ki, düşmən hərbi helikopterinin vurulması ordumuzda böyük ruh yüksəkliyi yaradıb: “Yeni müdafiə nazirinin hərəkət və davranışlarının da əsgərlimizə müsbət təsiri var. Bunu danmaq olmaz. Ümumiyyətlə, Silahlı Qüvvələrimizdə əsgərlərin ruhuna mənfi təsir edə bilən heç bir ifadə işlədilməməlidir. Hərbi şəxsi heyətinin döyüş ruhunu daha da yüksəltmək üçün bu cür addımlar atılmalıdır".


Azərbaycanın müttəfiqləri ilə bağlı da danışan E.Məmmədov deyib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın yeganə müttəfiqi Türkiyədir.


Müəllif:

Oxşar xəbərlər