"Kimsə inanmaz ki, mən Xudaverdi Allahverdiyev narkotik sata bilərəm. Çünki hamıya özümü seyid kimi tanıdırdım. Adım və soyadım da təsdiq edirdi ki, mən elə-belə adam deyiləm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri polisin keçirdiyi əməliyyat zamanı həbs olunan narkotik vasitələrin satışı ilə məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev istintaqa ifadəsində deyib.
Xudaverdi Allahverdiyev bildirib ki, onun bir çox planları olub: “Heyf oldu əziyyətlərim. Bitdi artıq. Planlarım var idi. Daha çox qazanmaq istəyirdim. Xuda məni bağışlamadı...".
İş üzrə istintaq davam edir.
***
11:50
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilib.
Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədi yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədi ilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.