Azər Rəşidoğlu: "Liderlər ətrafında formalaşan partiyaların aqibəti belə olur”
Müsavat Partiyasının keçmiş Məclis üzvü Hikmət Hacızadənin hələ bir neçə gün bundan əvvəl partiyada fəaliyyətini dondurduğu barədə açıqlaması ciddi müzakirələrə səbəb olmuşdu. Müsavat kuluarlarında şok effekt yaradan bu qərardan sonra onun qəflətən istefası gözlənilməz oldu. H.Hacızadə bu addımı yeni başqan Arif Hacılı komandasının söz azadlığının kobud və birtərəfli pozulmasına, fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq atdığını bəyan edib və bu barədə geniş danışmaq istəmir.
Yada salaq ki, H.Hacızadə Müsavatda liberal qanadın başında duran şəxs olub. Müsavatçılar onun partiyanın bərpa olunmasındakı xidmətlərinin əvəzsiz olduğunu vurğulayırlar.
Sosial şəbəkədə geniş yer alan müzakirə dalğasında H.Hacızadənin istefa qərarı fonunda REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı ictimaiyyət qarşısında maraqlı sual qoyub: “90-cı illərdə Müsavat partiyasında iki cərəyan - iki qrup var idi: liberallar və millətçilər. Liberalları Hikmət Hacızadə təmsil edirdi, millətçiləri isə Nəsib Nəsibli. Hər ikisi də partiya proqramının öz versiyasnı yazmışdı. Zamanına görə çox ciddi sənədlər idi. Dünən xəbər tutdum ki, Hikmət bəy Müsavat sıralarını tərk etdi. Ondan 1-2 həftə əvvəl isə, Nəsib Nəsibli partiyadan ayrıldığını elan etmişdi. Bir sözlə, liberalların da, millətçilərin də “ideya ataları” partiyanı tərk etdilər. Maraqlıdır, indi Müsavatda kimlər qaldı? Arif Hacılı bir vaxtlar liberal qanadın ən güclü simalarından biri olsa da, bu gün H.Hacızadə ilə ortaq mövqeyə gələ bilmir”.
“Onların getməsi ilə Müsavat ideologiyasını itirməyəcək”
Müsavatın keçmiş Divan üzvü Novella Cəfəroğlunun sözlərinə görə, partiya proqramını Nəsib Nəsibli ilə Hikmət Hacızadə yazsa da, onu İsa Qəmbər reallaşdırıb: "İsa Qəmbər isə partiyadadır. Nəsib Nəsibli və Hikmət Hacızadə partiyadan getsə də, Müsavatın ideologiyası onların ürəyindədir. Onlar Müsavatda olmasalar da, bu ideologiyadan geri çəkilməyəcəklər. Müsavatçılar məhz partiyanın ideologiyasına görə onun başına yığışıblar. Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy davamçıları bu partiyadadır. Nəsibin də, Hikmətin də getməsi mənə pis təsir etdi. Amma onların partiyadan getməsi o demək deyil ki, Müsavat ideologiyasını itirir. Nə olur-olsun partiya öz ideologiyasını yaşadacaq”.
N.Cəfəroğlu əlavə edib ki, Müsavatın indi də lideri İsa Qəmbərdir: “Hikmət Hacızadə də, Arif Hacılı da, Nəsib Nəsibli də, Qubad İbadoğlu da Müsavatda öndə gedən insanlar idi. Bu gün Arif Hacılını kənarda qoymaq olmaz. Çünki Arif Azərbaycanın müstəqilliyinə qol çəkən insanlardan olub. O, Müsavat üçün çox böyük işlər görüb. Ola bilər, Arif Hacılı da düzgün hərəkət etməyib. Amma bu, o demək deyil ki, digərləri Müsavatdan getməlidirlər. Bir neçə aya hər şey öz yerini tapacaq. Müsavata hamı könüllü gəlib işləyib. Partiyadan qovulma halları xoşuma gəlmir. Neçə illərdir insanlar Müsavatda bir qəpiksiz xidmət edirlər. Onları Müsavatdan qovmaq məni ağrıtdı”.
“Müsavat ideologiyadan daha çox liderə bağlı təşkilatdır”
Siyasi icmalçı Azər Rəşidoğlu hesab edir ki, Müsavat və digər partiyalar ideologiyadan daha çox liderə bağlı təşkilatlardır: "Odur ki, liberalizmdən və ya millətçilikdən danışmaq yersiz olardı. Müsavatın keçmiş başqanı İsa Qəmbərdən sonra partiyaya kimin rəhbərlik etməsindən asılı olmayaraq, bir boşluq yaşanmalı idi və hazırda bu proses baş verir. İsa bəy partiyada şəksiz nüfuz sahibi idi, ondan sonra heç bir kəs təşkilatda bu dərəcədə avtoritetə malik deyildi. Uzun illər Müsavatda fəaliyyət göstərən simalar İsa Qəmbərdən başqasını lider kimi qəbul edə bilmirlər. Bu baxımdan, yeni başqan Arif Hacılı özünə yeni komanda yaratmaqda maraqlıdır. Buna görə onu qınamaq da yanlış olardı. Azərbaycan siyasi spektrinin başlıca problemi ondan ibarətdir ki, partiyalar ideologiya əsasında deyil, şəxsiyyət ətrafında formalaşıb. Əbülfəz Elçibəyin vəfatı AXCP-ni 3 hissəyə parçaladı. Etibar Məmmədovun sədrlikdən gedişi AMİP-i zəiflətdi. Liderlər ətrafında formalaşan partiyaların aqibəti belə olur”.
A.Rəşidoğlunun fikrincə, Azərbaycandakı bütün partiyalar liderə bağlı təşkilatlardır və heç birində ideoloji fikir ayrılığı ciddi problem yarada bilməz: “Lider ətrafında formalaşan partiyalar sədr gedən kimi cılızlaşır. İdeologiya isə təşkilatı yaşadır. Bu gün çox az adam ABŞ Demokrat və ya Respublikaçılar partiyalarının sədrinin adını bilir. Lakin hər iki partiya dünyada məşhurdur. Odur ki, liderlər partiyanı bir şəxsin şəxsi obyektinə çevirməkdənsə, təşkilata tabe olsalar, daha yaxşıdır”.
NƏRGİZ