Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə təqsirləndirilən Bərdə rayon sakininə bəraət verilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunan hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest verilib.
Xatırladaq ki, 2021-ci ilin yay aylarında Bərdənin Cumalar kənd sakini polisə müraciət edərək qızının 2020-ci ilin avqust ayında həmkəndlisi tərəfindən zorlandığını bildirib.
Ekspertizanın rəyi əsasında həqiqətən də qızın bakirəliyinin pozulması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini saxlanılaraq istintaqa cəlb olunub.