Sosial şəbəkələrdə Bakının Xətai rayonu, Gəncə prospekti 39 ünvanında yerləşən "Xətaipark" kompleksində binanın 10-cu mərtəbəsində yerləşən mənzilin pəncərəsinə güllə dəyməsi ilə bağlı iddia yayılıb. Qeyd olunub ki, bu hal daha əvvəl də yaşanıb.
Teleqraf.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisənin ehtiyatsızlıqdan baş verdiyini açıqlayıb.
"Bəzi sosial şəbəkə səhifələrində yayılan infomasiyadan ərazi üzrə rayon polisi məlumatlıdır. Araşdırma aparılıb. Yaşayış evinin pəncərəsinə olan zədə odlu silahdan yox, tir tüfənginin qırmasından yaranıb. Ehtiyatsızlıqdan baş verən neqativ əməldir, tir tüfəngi olan şəxs pəncərəsinə qonan qarğanı vurmaq istəyib. Nəticəsi də məlumdur.
Əgər o qırma hansısa vətəndaşın gözünə dəysəydi, onu şikəst edə bilərdi. Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi ağır nəticələrə səbəb ola bilər, xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər. Bu hal nəzərə alınmalıdır", - o qeyd edib.