Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə mayın 23-də saat 1 radələrində Badamdar qəsəbəsində bir nəfərin Bakı şəhər sakini X.Hüseynzadəyə zor tətbiq edərək mobil telefonunu əlindən alması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Fərid Ehtibarov müəyyən edilərək saxlanılıb.
Bundan başqa, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində marşrut avtobuslarında 4 vətəndaşın çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Mehdiyev müəyyən edilib. O, həbs edilib.
Mayın 22-də saat 23 radələrində Səbail rayonu ərazisindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən Səbail rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Nihad Həsənovu saxlayıblar. O, araşdırma aparılması üçün 41-ci polis bölməsinə təhvil verilib.