Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
İstintaq hərəkətləri davam etdirilir.
15:09
Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcı saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi cinayət işi başlanılıb
11:50
"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir".
Bu barədə Teleqraf.com-a Ombudsman Aparatından məlumat verilib.
"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunub.
10:35
Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitqi qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı dövlət qurumları reaksiya verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, bununla bağlı Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb:
"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Daxili İşlər Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin Teleqraf.com-a verdiyi açıqlamaya görə, paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub: "Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək".
***
08:25
Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: "Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".
***
08:05
Bakıda loqopedik mərkəzlərdən birində uşaqlara qarşı zorakılığı özündə əks etdirən video görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, Neftçilər metrosunun yaxınlığında yerləşən "Mehnur" loqopedik mərkəzində çəkildiyi qeyd olunan videoda ürəkağrıdan görüntülər əks olunub.
Baxıcı azyaşlı uşaqların saçlarnı yolur, döşəmədə sürüyür, bədən nahiyələrinə xəsarətlər yetirir.
Artıq hadisə ilə bağlı polisə müraciət edilib.