9 Dekabr 2014 11:18
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy müxalifət liderlərini tənqid edib. Bu haqda Əlisoy fikirlərini sosial şəbəkədə açıqlayıb.

Teleqraf.com Müsavat rəhbərliyinə qarşı tənqidi fikirləri ilə gündəmə gələn Əlisoyun fikirlərini təqdim edir: “Üzdə olan müxalifət liderlərinin siyahısına nəzər yetirin. Parlamentdə bir neçə mandat əldə edən təşkilatları nəzərə almasaq, partiyaların heç biri son 20 ildə keçirilən seçkilərdə uğur əldə etməyib.

Buna baxmayaraq, kimsə siyasi meydandan könüllü olaraq çəkilmir. Demokratiyadan dəm vura-vura başında dayandıqları qurumda hər bir lider öz potensialına uyğun sultanlıq sistemi yaradıb. 5-10 nəfər sultan bu 20 ildə bir dəfə də olsun, bir araya gəlməyə nail olmayıb. Ancaq enerjinin müxalifətdaxili mübarizəyə sərf olunmasında bu sultanların əlahiddə xidməti olub.

Sual olunur, nədən bu liderlər bir dəfə də olsun bir araya gəlib, dövlət başçısına görüş üçün müraciət etmir. Yaxud hansı müxalifət liderinin basqılara rəğmən daxili işlər, ədliyyə naziri, Ombudsmanla görüşdüyünü xatırlayırsınız? Ən azı siyasi fəaliyyətə görə həbsdə olanların azadlığı üçün bu addımı atmaq olar.

Eynən sultanlar kimi yekə-yekə danışmaq təbii ki, iqtidar-müxalifət münasibətlərini gərginləşdirməkdən başqa bir şey deyil. Xalqa yalan söyləmək yetər. Hər kəs öz gücünə adekvat siyasət apararsa, nəsə bir uğurdan danışmağa dəyər.

Yalan vədlər, təkəbbür, yekəxanalıq əvəzinə dürüst, obyektiv, səmimi olmaq gərəkdir. Mövcud güclə, mövcud siyasi reytinqlə bu iqtidara qalib gəlmək mümkün deyil. Bu güclə, bu siyasi reytinqlə yalnız gəvəzə siyasət yürütmək və ən başlıcası isə sultan kreslosunu möhkəmlətmək mümkündür”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər