9 Dekabr 2014 17:25
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin Çex Respublikasına rəsmi səfəri davam edir. Səfər çərçivəsində spiker Çexiya prezidenti Miloş Zeman ilə görüş keçirib. Nümayəndə heyətini səmimiyyətlə salamlayan Çexiya prezidenti bildirib ki, Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır.

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərini xatırlayan prezident Miloş Zeman dövlətimizin başçısına salamlarını çatdırmağı xahiş edib, onun Çexiyaya səfərini səbirsizliklə gözlədiklərini söyləyib. İqtisadi münasibətlərimizin daha da dərinləşməsinin vacibliyini qeyd edən Çexiya prezidenti hər iki tərəfdən konkret layihələrə kömək göstərməyə hazır olduğunu vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə prezident Miloş Zemona minnətdarlığını bildirən Oqtay Əsədov qeyd edib ki, Çexiya ölkəmiz üçün əhəmiyyətli dost və potensial tərəfdaşdır. Azərbaycan dövlətinin rəhbərliyi Çexiya ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinə böyük diqqət yetirir. Bu gün ikitərəfli əlaqələrimizin uğurundan böyük fərəh hissi ilə danışmaq olar.

İqtisadi əlaqələr haqda danışan spiker bildirib ki, müasir Azərbaycan bu gün Avropanın etibarlı enerji tərəfdaşına çevrilib: “Baki-Tbilisi-Ceyhan, Baki-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə Azərbaycan qazının daha böyük həcmdə Avropaya daşınması üçün yeni layihələrin (TANAP və TAP) həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir”.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Çexiyanın Deputatlar Palatasında və Senatda olublar.
Qeyd edək ki, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir. Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Sədri Yan Hamaçek Azərbaycan üzrə dostluq qrupuna rəhbərlik edir. Bu isə Çexiyanın ümumilikdə Azərbaycana olan marağının göstəricisi kimi qiymətləndirilə bilər. Xatırladaq ki, Hamaçekin ölkəmiz və xalqımız qarşısında böyük xidmətləri olub. 2013-cü ilin fevral ayında Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsində Xocalı soyqırımını və bu qanlı faciəni törədən Ermənistan tərəfini pisləyən qərar qəbul edib. Ölkə başçısı İlham Əliyev 2012-ci ildə öz sərəncamı ilə cənab Yan Hamaçeki “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

Səfər zamanı Oqtay Əsədovla Senatın sədri Milan Ştex arasında görüş keçirilib. Senatin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yüksək qiymətləndirib.
Milli Məclisin Sədri Oqtay Əsədov müzakirələr zamanı deyib ki, Azərbaycan ilə Çexiya arasındaki ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət verilir: “Bu gün iki ölkə arasında yüksək səviyyəli siyasi, iqtisadi və mədəni münasibətlər mövcuddur. Əməkdaşlığımız gündən-günə inkişaf edir. Bu inkişafın təməlində ölkə başçılarımızın qarşılıqlı görüşləri və aparılan danışıqlar xüsusi rol oynayır”.

Sonra Milli Məclisin sədri Oqtay Əsədov Çexiya Parlamenti deputatlar palatasının Sədri Yan Hamaçek ilə görüşüb. Yan Hamaçek bu cür səfərlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirib. Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğunu deyən Yan Hamaçek həmişə Azərbaycana dəstək verməyə hazır olduqlarını bəyan edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər