Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli bitkinin kultivasiyasında və oğurluq əməlləri törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Polis əməkdaşların tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkinin qanunsuz olaraq kultivasiyasında şübhəli bilinən rayon sakini Çingiz Əliyev saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş 11 ədəd çətənə bitkisi və çəkisi 7 kiloqram 555 qram olan qurudulmuş marixuana aşkar edilib.
Bundan başqa keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində fərdi yaşayış evlərinin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Qalib Musayev də saxlanılıb.
Onun evdən qızıl-zinət əşyaları, avtomobil ehtiyat hissələri və elektrik naqilləri oğurlayaraq zərərçəkmiş şəxsə 8600 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Hər iki faktla bağlı Ağcabədi rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Araşdırmalar davam etdirilir.