Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1986-cı il təvəllüdlü Yusifov Eltun Yaşar oğlunun idarə etdiyi “Mercedes-Benz VITO” markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü E.Y.Yusifov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.