11 Dekabr 2022 18:48
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan ölməsi ilə bağlı Şəmkir hərbi prokurorluğunda cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər