Müsavat Partiyası ötən həftənin şənbə günü "Məhsul" stadionunda mitinq keçirib. İki saat davam edən mitinqi partiya başqanının müavini Səxavət Soltan aparıb.
Aksiyada ilk çıxışçı İsa Qəmbər olub. O, aksiya iştirakçılarına Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi təqdim edilib.
AXCP ilə daim problem yaşayan, Əli Kərimlini və "Azadlıq" qəzetini firqəçilikdə günahlandıran hüquq müdafiəçisi Vidadi İsgəndərli də mitinqdə çıxış edib.
Daha sonra söz partiyanın yeni başqanı Arif Hacılıya verilib. Hacılı çıxışında əsasən demokratiya və insan haqları mövzusunda danışıb.
Arif Hacılının çıxışından sonra mitinqin qətnaməsi oxunub və aksiya iştirakçıları sakit şəkildə dağılışıblar. Bununla da mitinq başa çatıb.
Ancaq aksiyanı və ondan sonrakı prosesi müşahidə edəndə ortaya maraqlı nüanslar çıxıb. Siyasi mübarizədə müxalifətin mitinqinə hakimiyyət nümayəndəsinin reaksiya verməsi, onu tənqid etməsi, aksiyada az sayda insanın iştirak etməsini vurğulaması, əslində, normal haldır. Çünki hər partiya öz mövqeyi və maraqları prizmasından çıxış edir. Ancaq Müsavatın mitinqi müxalif düşərgədə ciddi qarşıdurmaya, replikalara səbəb olub.
Narazılar qatılmadı
Mitinq zamanı Müsavatdakı daxili vəziyyət özünü göstərib. Əvvəla, mitinqə gözlənildiyindən də az adam gəlib. Aksiya iştirakçılarının sayı bu il Müsavatın Novxanıda Rəsulzadə abidəsinin qarşısına çıxardığı insanların sayından az olub. Bunun bir səbəbi də partiya daxilində yaşanan problemlərdir. Məsələn, Qubad İbadoğlu xaricdə olduğu üçün mitinqə qatıla bilməyib. Müsavatın sabiq üzvlərindən Hikmət Hacızadə və Səxavət Əlisoy da aksiyada gözə dəyməyib. Aksiyada yalnız Vurğun Əyyub və narazı tərəfin bir neçə üzvü iştirak edib.
Səxavət Əlisoy mitinqi saxtakarın növbəti şousu adlandırıb. Onun fikrincə, əslində, partiya başqanının bu mitinqi təşkil etməkdə niyyəti başqa olub: ""Məhsul" stadionunda saxtakar başqan Hacılının "məhbuslara dəstək" pərdəsi altında inaqurasiya-üzəçıxartma mərasimi keçirilib. Məhbuslara gerçəkdən dəstək verən sanballı bir Dəyirmi Masa təşkil edib, ölkənin ciddi siyasi təşkilatlarını və əcnəbi diplomat korpusunu bir araya gətirərdi. Bunu isə etməyə saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir. Problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir".
AXCP-dən qınaq
AXCP və Milli Şura tərəfdarları Müsavat mitinqini aşağılayaraq insanların az iştirak etməsini partiyanın siyasi mövqeyini dəyişməsi ilə əlaqələndiriblər. AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli sosial şəbəkələrdə bəyan edib ki, Müsavat mitinqi zəif olubsa, buna sevinmək yox, kədərlənmək daha doğru olar: "Bu vəziyyətin yaranmasında məsuliyyət bölgüsü də səlahiyyətə görə müəyyən edilməlidir. Təkcə burda yox, hər məsələdə".
Müsavatın Masallı təşkilatının sədri Xasay Səfəroğlu isə Sahib Kərimlini ciddi tənqid edib: "Mitinq nə qədər zəif olsa da, Milli Şuranın mitinqindən zəif olduğu, hətta çox fərqləndiyini iddia etmək ədalətsizlikdir. Guya bunlar yüz minlik, lap elə on minlik mitinq keçiriblər?"
"Utanmağa dəyməz..."
Bu arada AXCP-nin Müsavatın mitinqini tənqid etməsi, bu partiyanı hakimiyyətə bağlamaq cəhdləri açıq qarşıdurmalara səbəb olub. AXCP sədrinin müşaviri Fuad Qəhrəmanlı sosial şəbəkədə bəyan edib ki, mitinq uğursuz alınıb. O, mitinqə az sayda insanın qatıldığını bildirib, bunu partiyanın Milli Şuradan çıxması və yolunu dəyişdirməsi ilə əlaqələndirib: "Hər mitinqin təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir. Deməmək sayın azlığından utanmağı göstərmək üçündürsə, utanmağına dəyməz, çünki hər kəs adamsızlığı gördü".
Bu nifrətin və aşağılamanın səbəbi nədir?
Müsavat başqanının müavini Elman Fəttah isə deyib ki, Fuad Qəhrəmanlı başda olmaqla Müsavatın mitinqini lağa qoyanlar, yaxud onun əks təbliğatını aparanların hamısı hakimiyyətə işləyir. Onun fikrincə, mitinqin təsirini azaltmaq məqsədilə aparılan anti-təbliğat hakimiyyətin maraqlarına uyğundur: "Sizlər Milli Şura-AXCP-nin mitinqləri haqda, ya mitinqdən əvvəl, ya mitinqdən sonra bir musavatçının mitinqi aşağılayan yazısına rast gəldinizmi? Əksinə, mitinqdə iştirak etmədikmi? İndi bu nifrətin, aşağılamanın adı nədir? Eyib deyilmi?".
CAVİDAN