19 Dekabr 2014 12:34
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında başqan dəyişikliyindən sonra başlanan qarşıdurma hələ də davam edir. İsa Qəmbərin gedişi ilə başqan postuna gələn Arif Hacılıya qarşı çıxan narazılar qanadı yeni hərəkat yaradıb.

Qurultayda A.Hacılının rəqibi olan Qubad İbadoğlu və tərəfdarları onun başqanlığını qeyri-legitim sayır və təkrar qurultay tərəfdarıdırlar. Faktiki olaraq İ.Qəmbərdən sonra Müsavatın sütunları laxlayıb.

Analoji proses Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasından, Lalə Şövkət Azərbaycan Liberal Partiyasından gedəndən sonra baş vermişdi.

Bəs digər müxalifət partiyalarında qurultaydan sonrakı proseslər Müsavatdakı kimi təkrarlana bilərmi? Partiyaların daxilində narazılar qanadı yaranacaqmı? İndiki sədrin getməsi ilə digər partiyalar da Müsavat kimi ciddi güc itirəcəkmi?

“BAXCP-də Müsavatdakı kimi kataklizmlər ola bilməz”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, partiyanın sədri Qüdrət Həsənquliyevin hələ uzun müddət sədr olması üçün kifayət qədər potensialı və imkanı var: “Bütün strukturlar birmənalı şəkildə onun liderliyini qəbul edir. Bununla yanaşı partiyamız bütün dövrlərdə nizamnamə ilə idarə olunub və qərarlar da kollegial qaydada qəbul olunub. Partiyanın İdarə Heyətində də, Ali Məclisində də çox ciddi müzakirələr gedir. Lakin BAXCP üzvləri, funksionerlər, rəhbərlikdə təmsil olunan şəxslər düşüncə və dünya görüşü etibarilə istənilən məntiqli cavabın və çıxış yolunun qarşılığında mütləq konstruktiv mövqeyə gəlməyi bacarırlar. Bu günə qədərki fəaliyyətimiz də bunu sübuta yetirib. Bu baxımdan partiyamızda nə zamansa, bu səviyyədə kataklizmlərin olacağını gözləmirəm. Adətən, partiyaya həmfikir insanlar toplaşır. Məsələyə Müsavat Partiyasında baş verənlər konteksində yanaşsaq, bu, o deməkdir ki, təşkilatda həmfikir insanlar olmayıb. Hətta ideoloji baxışlar belə üst-üstə düşmür”.

“İsa Qəmbər siyasi texnologiyaları mənimsəyə bilmədi”

E.Mirzəbəyli əlavə edib ki, insanlar təşkilatlarda daha çox sədr və lider ətrafında birləşirlər: “Bu, təkcə Azərbaycanda deyil, dünya praktikasında olan problemdir. Lakin uzaqgörən sədrlər, təşkilatın inkişafını arzulayan liderlər hər zaman potensialı olan insanların önə çıxması üçün zəmin yaradırlar. Qüdrət Həsənquliyev də belə liderlərdəndir. O, təşkilat daxilində insanların önə çıxması, siyasi dünyagörüşlərinin formalaşması üçün mümkün olan bütün imkanları yaradır. İstənilən halda təşkilatımızda bu qəbildən olan problemlərin olacağını düşünmürəm. Digər tərəfdən Müsavat, ALP, AMİP kimi partiyaların liderləri faktiki olaraq tükənmiş liderlər idi. Bu insanlar siyasətə milli azadlıq hərəkatının ön cərgəsindən gəlmişdilər, bir siyasətçi kimi formalaşmamışdılar, ondan sonrakı bütün fəaliyyətləri də milli azadlıq hərəkatının texnologiyalarına uyğun olaraq həyata keçdi. Etibar Məmmədov da, İsa Qəmbər də partiya sədri kimi son dövrlərinə qədər siyasi texnologiyaları mənimsəyə bilmədilər. Amma bizim partiyanın bütövlükdə yaranma, formalaşma prosesi tamamilə fərqli tendensiyalar üzərində qurulub. BAXCP həm tarixi ənənələrə, həm də çağdaş siyasi struktura malik olan təşkilatdır deyə bizdə hər hansı problemlərin baş verəcəyini gözləmirəm. Qurultayda hər hansı fikir ayrılıqlarının olması tamamilə mümkün haldır. Amma biz bunu konstruktiv dialoq, şəffaf seçki qaydaları ilə nizamnaməyə uyğun çözmək imkanındayıq”.

“Sədr dəyişikliyi baş verərsə, VHP-də çaxnaşmalar qaçılmazdır”

Vətəndaş Həmrəyli Partiyasının (VHP) Ali Məclis sədri Rafiq Manaflı qeyd edib ki, qurultaydan sonra hər hansı mübahisə və narazılığın olacağını qabaqcadan proqnozlaşdırmaq çətindir: “Əlbəttə ki, sədr dəyişikliyi istənilən təşkilatda müəyyən kataklizmlərlə müşayiət olunur. Müsavatda baş verən hadisələrin olmasını istəməzdik. Orada gedən proseslər hamımıza təsir edir. VHP-də sədr dəyişikliyi olacağı halda bizdə də qarşıdurmalar ola bilər. Təəssüf ki, biz demokratiya ilə mentaliteti bir-birindən ayırmırıq. Görünür, bu, düşüncə tərzimizdə, beynimizdə olan keçmişin qalıqlarının tam çıxmaması ilə bağlıdır. Sabah Sabir Rüstəmxanlı namizədliyini verməsə, VHP-də sədr dəyişikliyində problem yaranmayacaq desəm, doğru olmaz”.

“Müsavatdan dərs götürmüşük”

O, gələn il keçirilməsi planlaşdırılan qurultayda partiya sədri Sabir Rüstəmxanlının bu postda qalacağını deyib: “Sabir bəyi yaxın perspektivdə dəyişdirmək planımız yoxdur. Sədr dəyişikliyi məsələsini növbəti qurultay üçün gündəlikdən çıxarmışıq. Müsavatdan da dərs götürmüşük. VHP-də sədr dəyişikliyi olsa, çaxnaşmalar qaçılmazdır, amma qarşıdurma Müsavatdakı səviyyəyə çatmayacaq. Qubad İbadoğlu ilə Arif Hacılı arasında səs fərqi bir az çox olsaydı, yəqin söhbət bu yerə gəlib çıxmazdı. Təxminən bərabər səslər olub, bu zaman iddialar da bərabərləşir və kəskinləşir. VHP-də bu cür qarşıdurma yaradacaq səs fərqləri olmayacaq”.

“Rəsul Quliyev gedəndə bu kataklizmi biz də yaşadıq”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, vaxtilə Rəsul Quliyev partiyadan ayrılanda ADP ciddi kataklizm yaşayıb: “Rəsul Quliyev getdi, faktiki olaraq adamların böyük hissəsi partiyadan çıxdı”.

“İsa Qəmbərə dedim ki, başqanlıqdan getmə”

O, özünün də son prezident seçkilərindən sonra ADP-dən getdiyini və sonra yenidən partiya rəhbərliyinə qayıtmalı olduğunu xatırladıb: “Partiya üzvlərinə dedim ki, seçkilərdə uduzdum, gedirəm. Yoldaşlar buna imkan vermədilər. Dedilər ki, indiki dövrdə sizdən başqa heç kəs partiyaya rəhbərlik edə bilməyəcək. Kimsə idarə etmək istəmirsə, bu istefanın da ciddi mənası olmaz. Digər arqument bundan ibarət idi ki, növbəti qurultaya az qalıb, o vaxtadək vəziyyət götür-qoy edilsin. Mən də bunları nəzərə aldım. Partiyalardan liderlərin getməsinin təşkilata ciddi ziyan vurduğunu, ümummüxalifət cəbhəsini zəiflətdiyini, ictimai-siyasi aktivliyi aşağı saldığını nəzərə alıb öz qərarımı dəyişdim. Bir çoxları mənə irad tutdu ki, söz verdiniz, niyə sözünüzdə durmadınız. Mən istefa verəcəyim təqdirdə ADP-nin düşəcəyi durumla bağlı proqnozlarım İsa Qəmbərin də istefası zamanı özünü doğrultdu. İsa Qəmbərə Müsavatdakı qurultaydan öncə dedim ki, ola bilsin, sizin öz postunuzda qalmağınız cəmiyyətdə birmənalı qarşılanmasın, amma gedişiniz başqan kimi qalmağınızdan daha çox ziyan vuracaq. İndi Müsavatda nələr baş verdiyini görürük”.

“Bu oyun demokratiyanın belini sındırır”

O vurğulayıb ki, istefa vermək demokratik mədəniyyətdirsə, siyasi mühitin yeniləşməsi üçün şərtdirsə, süni surətdə demokratiklik oyunu oynamaq və əsassız yerə istefa vermək demokratiyaya ziddir və onun belini sındırır.

Gələn il qurultay keçirəcəklərini deyən ADP sədri söyləyib ki, o, sədrlikdən gedəcəksə, Müsavatdakı proseslər onun partiyasında da yaşanacaq.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, hazırda Müsavatın yaşadığı prosesi rəhbərlik etdiyi partiya 14 il öncə yaşayıb: “Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra AXC-də baş verənləri təşkilatımız hər kəsin keçirdiyindən çox ağrılı keçirdi. Ona görə də bir partiyanı digəri ilə müqayisə etmək obyektiv olmur. Gələn il sədr seçkisi keçirəcəyik, qurultayımızda prosesləri yaşayıb nəticəni görəcəyik. Amma biz bunları 10 dəfədən artıq keçmişik. Heç kəsə də bunu arzulamırıq”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər