23 Dekabr 2014 09:05
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda qiymətlərin artması ilə bağlı etiraz aksiyasında çıxış edən ictimai fəal Vaginak Şuşanyan naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, İrəvan polisinin mətbuat xidməti hadisə ilə bağlı istintaq başlanıldığını bildirib.

Polis mətbuat xidmətinin nümayəndəsi Armen Malxasyan hazırda hadisə ilə bağlı şübhəli bilinərək saxlanılanın olmadığını deyib.

Onun sözlərinə görə, Şuşanyana hücum edənlərin axtarışına hadisə yerinə quraşdırılmış kameraların “lent yazıları” kömək edə bilər.

Daha əvvəl hücuma məruz qalması haqqında Vaginak Şuşanyan öz Facebook səhifəsində məlumat verib.

Məlumata görə, şənbə günü axşam saat 7:30 radələrində Vaginak Şuşanyan siqaret alaraq mağazadan çıxarkən iki naməlum şəxs onun qabağını kəsib: “Sən idin dünən söyüş söyən”, - soruşub və onu “dartışdırmağa, vurmağa başlayıblar”.

Şuşanyan döyülməsi barədə dərhal polisə məlumat verib və məhkəmə tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, Şuşanyanın döyülməsinin ötən həftə Ermənistanda əsas istehlak mallarının qiymətlərinin artmasına qarşı hökumət binası önündə keçirilən etiraz aksiyasında çıxışı ilə bağlı olduğu ehtimal olunur.

Öz çıxışında o, son həftələr bir sıra müxalifət nümayəndələrinin, ictimai fəalların döyüldüyünü, onların avtomobillərini yandırmaq cəhdlərinin arxasında “özlərinə vətənpərvər deyənlərin” dayandığını bəyan edib.

Millət vəkili Aram Manukyana qarşı zorakılıqla bağlı isə ictimai fəal Şuşanyan “mənim prezidentimə söyənin qulaqlarını küçük qulağı kimi kəsərəm” deyən polis rəisinin müavini, polis qoşunları komandanı Levon Yeranosyanı yad edib.

“Qoy indi o (general Yeranosyan) bu meydana gəlsin, onun özünə də, prezidentinə də söyüm, görüm qulaqlarımı necə kəsir”, - Şuşanyan hökumət binası önünə toplaşan yüzə yaxın etirazçı, onlarla polis və media nümayəndələri qarşısında deyib.


Müəllif:

Oxşar xəbərlər