Dünən axşam saatlarında evinə basqın olunan şəxsin kimliyi bəlli olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, fevralın 16-sı axşam saat 22.00 radələrində 1991-ci il təvəllüdlü Tahir Hüseynov "Ballı" marketlər şəbəkəsinin sahibi Elman Əsədovun Suraxanı rayonunda yerləşən evinin həyətinə hasardan daxil olub və kiçik tikilidə gizlənib.
Ev sahibinin qohumları bilyard oynamaq üçün silahlının gizləndiyi tikiliyə daxil olarkən orada gizlənmiş şəxsi görüblər.
Silahlı Tahir Hüseynov havaya atəş açaraq qaçmaq istəyib. Amma ev sahibinin yaxınları onu yaxalayaraq polisə təhvil veriblər.
Hadisəylə bağlı DİN rəsmi məlumat yayıb.
Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
***
10:37
Bakıda evə basqın edərək vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə girən şəxsin pul tələb etməsi və əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.
Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.