27 Fevral 2023 11:25
236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində “Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsinin və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı ticarət mərkəzində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə mərkəzin işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə ümumilikdə 12 ədəd texnika və 97 nəfər şəxsi heyət cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər