Osman Kazımov: “Marta qədər hər şey aydın olacaq”
Bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. YAP icra katibinin müavini bəyan edib ki, son bələdiyyə seçkilərinin nəticəsi təhlil olunduqdan sonra hakim partiya fevralın sonlarından başlayaraq parlament seçkilərinə hazırlığa start verəcək.
Ancaq hakim partiyadan fərqli olaraq müxalifət düşərgəsində vəziyyət gərgin olaraq qalır. Müxalifət 2014-cü ildə olduğu kimi 2015-ci ilə də dağınıq adlayıb, qarşılıqlı ittihamlar hələ də kəsilmir. Xalq Partiyasının sədri Pənah Hüseynin yeni birlik ideyası isə Milli Şura tərəfindən süngü ilə qarşılanıb və rədd edilib. Bundan sonra tərəflər bir qədər ittihamlara ara verib. Ancaq 2014-cü ilin yekunlarını qiymətləndirən AXCP sədri Əli Kərimli bəyan edib ki, 2015-ci ildə Milli Şura bütöv olaraq parlament seçkiləri haqqında düşünəcək, bu seçkiyə hazırlaşacaq.
Qeyd edək ki, son dəfə sessiyasını 2014-cü ilin sentyabrında keçirən Milli Şura bu ay ərzində sessiyasını yenidən çağırmaq qərarına gəlib. Əsas müzakirə mövzusu isə qarşıdan gələn parlament seçkiləri və 2015-ci il üçün fəaliyyət proqramı olacaq. Əli Kərimli bəyan edib ki, Milli Şura seçkiyə blok şəklində getməyi düşünür. Onun sözlərindən belə çıxıb ki, bu qurum nə Müsavat Partiyası, nə də digər müxalifət təşkilatları ilə əməkdaşlıq etmək niyyətində deyil.
Ə.Kərimli dolayı yolla Milli Şuradan kənarda müxalifətin olmadığını da ifadə edib. Onun bu fikirləri digər partiyalar tərəfindən rədd olunub.
Osman Kazımov: “Martda müxalifətin seçkilərdə necə iştirak edəcəyi bəlli olacaq”
Müsavat Partiyası başqanının müavini Osman Kazımov deyib ki, bu, sadəcə Əli Kərimlinin fikridir: “Mən Əli Kərimlinin fikrini qiymətləndirmək istəməzdim. Hələ seçkilərə çox var. İndidən bu haqda danışmağı doğru hesab eləmirəm. Fikrimcə, müxalifətin seçkilərə birgə getməsi daha realdır. Düzdür, birliklər yaranır və sonra da dağılır. Ancaq buna normal yanaşmaq lazımdır. Birliklər seçkilərə hesablanır”.
O.Kazımov Müsavatın müxalifət olmadığını, siyasi kursunu dəyişdiyi haqda səslənən fikirləri də şərh edib: “Müsavat siyasi kursunu və xəttini dəyişməyib. Əvvəl necə idisə, indi də elədir. Hesab edirəm ki, təxminən mart ayına qədər hər şey aydın olacaq. Bəlli olacaq ki, müxalifət düşərgəsi seçkidə necə iştirak edəcək. Bu aydın olandan sonra isə müəyyən fikirlər işlətmək olar”.
Əli Əliyev: “Əli Kərimli yanlışlığa yol verir”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib ki, hər bir partiya seçkilərdə iştirak formatını özü müəyyən edir: “Bu mənada Kərimlinin seçkidə iştirakı ilə bağlı fikrinə normal yanaşmaq lazımdır. Bu, seçki taktikasıdır. Ancaq müxalifətin təftişi və kiminsə tərəfindən süni olaraq təsnifatlaşdırılması etik baxımdan doğru deyil. Burada Kərimli yanlışlığa yol verir. Ola bilsin ki, Kərimlinin başqaları haqda məlumatı olsun, ancaq yarandığı gündən hakimiyyətlə heç bir əlaqəsi olmayan və real müxalifətdə duran təşkilat VİP-dir. Bu fikirlər sadəcə Kərimlinin özünün və partiyasının cəmiyyətə bir təqdimatı cəhdidir”.
Əli Əliyev deyib ki, Milli Şuranın iştirakı olmadan da müxalifət partiyaları seçkiyə gedə bilər və burada perspektivsiz heç nə yoxdur. Onun fikrincə, artıq müxalifət partiyaları arasında sosial baza, strukturlaşma və təsir baxımdan ciddi fərqlər yoxdur: “Son iki mitinq göstərdi ki, nə Milli Şura, nə də Müsavat digər qüvvələrdən önə çıxmayıblar. Odur ki, kimlərsə “mənsiz olmaz” tezisini irəli sürürlərsə, yenə də yanlışlığa yol verirlər. Çünki onlar 2000-ci ildə qalıblar və inkişaf etməyiblər. Cəmiyyətdə real durum fərqlidir. İndi həm siyasət, həm biznes, həm də cəmiyyətdə yeni nəsil formalaşır. Liderlərin situasiyaya daha düzgün qiymət verməsi onların qəbul etdiyi qərarların nəticəli olmasına səbəb ola bilər. Odur ki, qərar verməzdən öncə cəmiyyətə diqqətlə baxmalıdırlar”.
Cavidan