“2014-cü il Azərbaycan üçün uğurlu oldu. İl ərzində ölkəmizin ictimai-siyasi həyatında çox böyük işlər görüldü”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, ötən il də Azərbaycanın dinamik inkişafı davamlı olub və bu inkişaf bütün istiqamətlər üzrə özünü göstərib. Onun sözlərinə görə, həm sosial-iqtisadi, həm də siyasi, humanitar, mədəni sahələrdə bir sıra uğurlar əldə olunub:
“Bildiyimiz kimi ölkəmiz uğurlu enerji siyasəti həyata keçirir. Bu siyasət Avropanın da enerji təhlükəsizliyinə böyük töhfə verir. Ötən ilin sentyabr ayında “Cənub” qaz dəhlizi kəmərinin təməlinin qoyulması bu baxımdan Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini gücləndirən bir hadisə oldu. Ümumiyyətlə, dünyada baş verən iqtisadi böhran şəraitində Azərbaycanın inkişafının davamlı olması həyata keçirilən düzgün siyasətin nəticəsidir. 2015-ci il də ölkəmiz üçün bir sıra hadisələrlə əlamətdar olacaq. Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi edəcəyi və bununla bağlı işlərin yekunlaşmaq üzrə olmasını da bu ilin uğuru hesab edirəm”.
Səxavət