6 İyun 2023 09:32
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayon polis şöbəsinə rayonun Ağaməmmədli kəndində yerləşən təsərrüfatların birindən 1200 manat dəyərində iribuynuzlu heyvanın oğurlanması barəsində məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumatla əlaqədar müvafiq araşdırmalara baṣlanılıb. Oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Şəmsi Əmirov müəyyən edilib. O, iribuynuzlu heyvanı Sabirabad rayonu ərazisindəki mal bazarında satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun ətrafında davam etdirilən tədbirlərlə Ş.Əmirovun digər cinayət əməllərinin də üstü açılıb.

Belə ki, adıçəkilən şəxs tanışı Samir Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq cari ilin fevral və may aylarında İmişli rayonunun Ağaməmmədli və Muradxanlı kəndlərinin ərazisindəki iki fərdi təsərrüfatdan bir iribuynuzlu və iki xırdabuynuzlu heyvan oğurladıqları və həmin heyvanları sataraq əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub.

Samir Qurbanov da polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim olunub.

Faktla bağlı İmişli rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

Hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov