Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının müsahibəsini təqdim edir.
-BAXCP-nin 2015-ci illə bağlı hədəfləri, planları nədən ibarətdir?
-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2015-ci ildəki planları və gördüyü işlərlə bağlı deyə bilərəm ki, partiyamızı bu il daha böyük uğurlar gözləyir. Bütün fəaliyyətimizi bu istiqamətdə aparacağıq. Maksimum dərəcədə çalışacağıq ki, noyabrda keçirilən parlament seçkilərində BAXCP ən çox yer qazanan müxalifət partiyası olsun. Bunun üçün partiyamızın kifayət qədər potensialı da var. Partiyamızın rəhbərliyində təmsil olunan şəxslərin nüfuzu imkan verir ki, daha çox mandat qazanaq. Həmçinin partiya kimi həm daxili siyasətə, həm də partiyamızın beynəlxalq təşkilatlarda təmsil olunmaq səylərini artıracağıq. Bu istiqamətdə partıyamızın lideri, millət vəkili Qüdrət Həsənquliyevin indiyə qədər gördüyü xeyli işlər var. Keçən il bu yönümdə ciddi işlər aparıb. Düşünürəm ki, bu il BAXCP daha böyük uğurlara imza ata biləcək. BAXCP 2014-cü il bələdiyyə seçkilərindən dərhal sonra cari ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıq işlərinə start verib. Bilirsiniz ki, partiyanın son bələdiyyə seçkilərində 300-ə yaxın namizədi olub və artıq demək olar ki, 100-dən artıq BAXCP namizədi seçilən lider namizədlər arasında qərarlaşıb. Hazırda Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrini gözləyirik. Bələdiyyəyə seçilənlər arasından partiya sədrinin müavini vəzifəsini daşıyan şəxslər də var. Artıq 4 dəfədir ki, bələdiyyə seçkilərində uğur qazanıram. Özüm də noyabr seçkilərində parlament seçkilərinə qatılacam. Bu artıq mənim parlament seçkilərində üçüncü seçkim olacaq. Sonuncu parlament seçkilərində ikinci yeri tutmuşdum. Demək olarki böyük bir seçki təcrübəm var. Və yaşadığım ərazinin seçiçiləri məni kifayət qədər tanıyır.
-Partiya parlament seçkilərində müstəqil şəkildə, yoxsa hər hansı bir partiya ilə əməkdaşlıq formasında iştirak edəcək?
-2010-cu il parlament seçkilərində BAXCP blok şəkilində seçkiyə qatılmışdı. Vətəndaş Həmrəyliyi, Ədalət, Böyük Quruluş və Təkamül Partiyasının birgə seçki bloku olan "İslahatçı" seçki bloku ilə seçkiyə qatılmışdıq. Bu blokun birgə yenidən seçkiyə getməsi ilə bağlı indidən hər hansı bir fikir bildirmək, məncə tezdir. Bu və başqa bir formatda seçkiyə qatılmağımız zamanın işidir. BAXCP 2007-ci ildə və 2011-ci ildə 4 partiyanın VHP, Ədalət, BAXCP və BQP-nin birgə hazirladığı "Konstitutsiya islahatları haqqında" qanun layihəsini Milli Məclisə təqdim edib. Qanunda parlament seçkilərində birmandatlı seçki dairəsi ilə yanaşı, proporsional seçki sisteminin bərpası və Milli Məclis üzvülərinin sayının artırılması, seçkidə qalib gəlmiş partiyanın höküməti formlaşdırmasına qədər dəyişidirilməsi təklif edilib. Məncə, ölkədə çoxpartiyalı sistemi inkişaf etdirməyin ən yaxşı yolu budur. Demək olar ki, keçmiş SSRİ-nin 15 respublikasından yalnız Azərbaycan və bir neçə ölkədə proporsional seçki sistemi yoxdur. BAXCP uzun illərdir ki, bu təşəbbüslə çıxış edir...
-Ümumilikdə, partiya olaraq 2015-ci illə bağlı gözləntiləriniz nədən ibarətdir. Bu il, müxalifət, xüsusilə bu düşərgənin radikal qanadı üçün nə dərəcədə uğurlu olacaq?
-Düşünürəm ki, hər dəfə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatlar siyasi cameənin radikal hissəsindən Azərbaycan hakmiyyətinə qarşı təzyiq kimi istifadə etməyə çalışacaq. Son 20 ildə keçirilən seçkilərdə bu özünü açıq şəkildə göstərib. Uzun illər bir-birini təhqir edən, öz mətbuat orqanında ən aşağılayıcı fikirləri yazan və yazdıran Əli Kərimli mümkündür ki, yenidən Müsavat Partiyası ilə "qardaşlaşsın". Son parlament seçkilərinin hamısında bu baş verib. Bu Əli Kərimli və ya İsa Qəmbərin təşəbbüsü olmayıb. Bunu həmin adamlara birbaşa beynəlxalq təşkilatlar məcbur edib. Mənim şəxsi qənaətim odur ki, Azərbaycan cəmiyyəti heç bir halda radikal siyasəti aparan bu şəxslərə ciddi dəstək verməyəcək. Bu düşərgə daha böyük itkilərlə seçkidən ayrılacaq.
-Seçki ərəfəsində ölkədə siyasi sabitliyi pozmağa cəhdlər edilir. Parlament seçkiləri ərəfəsində belə bir proses ola bilərmi?
-Bəli, mümkün hesab edirəm. Bu gün Azərbaycanın milli maraqlarını sevməyən bir çox təşkilatlar və dövlətlər var. Onlar istəmirlər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil dövlət siyasətini aparsın. Onlar Azərbaycan dövlətini bu cür görmək istəmirlər. 2013-cü il prezident seçkilərində Rusiya acıq şəkildə Rüstəm İbrahimbəyovu ortalığa atmaqla Azərbaycan hakmiyyətinə "təzyiq" etmək yolunu seçdi. Ancaq sonda gördülər ki, bu yolla ciddi bir uğur qazana bilməyəcək. Hətta radikal müxalifətdən dəstək almalarına baxmayaraq, Azərabycan xalqından kifayət qədər dəstək ala bilmədilər. Sonda geri çəkildilər. Noyabr seçkilərində də Qərbin belə bir təşəbbüsdə bulunmasını gözləmək olar. Bir məqamı diqqətinizə çatdırım, 20 ildən artıqdır ki, Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev , Eldar Namazov və digərləri bütün çıxışlarında bəyan edirlər ki, onlar qərbyönümlü siyasətçilərdir və Azərbaycanın gələcəyini də Qərbdə görürlər. Ancaq jurnalist Xədicə İsmayılın həbsi onu göstərdi ki, sən demə, Qərb siyasi dairələrindən Xədicə İsmayıla verilən dəyər nə Əli Kərimliyə, nə İsa Qəmbərə, nə Rəsul Quliyevə, nə də Eldar Namazova verilmir".
AZAD