9 Yanvar 2015 10:19
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat: “Gözləntilərimiz özünü doğrultdu, qadınlar fəal şəkildə bu kampaniyada iştirak etdilər”

“Ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir. Son illər qadın məsələlərlə bağlı həllini gözləyən problemlərin hərtərəfli və obyektiv araşdırılması, həmin problemlərin kökündə duran amillərin müəyyənləşdirilməsi məqsədi ilə bir sıra fərmanlar və sərəncamlar imzalanıb. Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu, gələcəkdə də davam etdiriləcək. Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınlar ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə böyük uğurlar əldə etməkdədirlər. Təsadüfi deyil ki, hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilçiliyi artıb. Belə ki, Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların çəkisi 16 faizə çatıb. 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarə orqanlarında qadınların təmsilçiliyi 3-4 faiz olduğu halda, indi bu göstərici 30 faiz civarındadır. Bundan başqa, qadın qeyri-hökumət təşkilatlarının sayı 200-dən çoxdur.

Bütövlükdə, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların cəmiyyətdə rolunun genişləndirilməsi ölkədə həyata keçirilən siyasətin prioritetlərindən biridir. Qadınlar üçün məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün davamlı olaraq görülən işlər bu faktı bir daha sübut edir”.

Bunu Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat Sevinc Hüseynova deyib.

O, həmçinin son bələdiyyə seçkilərində qadınların təmsilçiliyinin artdığını deyib: “Bələdiyyələr demokratik bir təsisiat olaraq vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Bu mənada ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinə xüsusi diqqət böyük əhəmiyyət kəsb edir. Təbii ki, Yeni Azərbaycan Partiyası bu seçki kampaniyasında qadınların da namizədliyinə xüsusi diqqət yetirdi. 2009-cu il seçkilərində də qadınların bələdiyyələrə iştirak göstəricisinin artması onu deməyə əsas verir ki, onların potensialı yüksəkdir. Seçki kampaniyası ilə əlaqədar YAP Qadınlar Şurası bölgələrdə tədbirlər keçirərək maarifləndirmə işləri apardı, qadınların seçki prosesinə qoşulmasını təşviq etdi. Məqsədimiz bu idi ki, qadınlar digər məsələlərlə yanaşı seçki prosesində də fəal iştirak etsinlər. Gözləntilərimiz özünü doğrultdu, qadınlar fəal şəkildə bu kampaniyada iştirak etdilər.

Ümumiyyətlə, dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakı daim artır. Bələdiyyə seçkiləri də bu faktı bir daha təsdiqlədi”.

Millət vəkili əhalinin sosial sahədə mövqelərinin güclənməsi üçün də mühüm addımlar atıldığını vurğulayıb: “ Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətin məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Demək olar ki, hər il əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin artırılması buna sübutdur. O cümlədən, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Qarabağ əlillərinin, ümumillikdə sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır. Azərbaycan dövləti tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər