8 Sentyabr 2023 11:50
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən birgə fəaliyyət həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə məlumatında qeyd olunub.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış bir neçə xüsusilə ağır-qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb.

Belə ki, 1998-ci il il fevralın 7-də Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də isə Ramiz Nadirovun naməlum şəxs tərəfindən odlu tapança silahından atılan atəşlər nəticəsində qəsdən öldürülməsi faktları üzrə cinayət işləri başlanıb.

Toplanmış sübutlarla hər iki əməlin eyni şəxs tərəfindən törədilməsi ehtimal olunduğundan cinayət işləri bir icraatda birləşdirilərək ibtidai istintaqın davamı Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bundan başqa, 2001-ci il dekabrın 6-da Bakı-Qazax yolunun sol tərəfində, dərənin içində, üzərində zorakılıq əlamətləri olan paltarsız naməlum kişi meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

İstintaq zamanı naməlum kişi meyitinin Dadaş Hüseynova məxsus olması, Dadaş Hüseynovun isə Qərib İbadovla Ramiz Nadirova qarşı törədilmiş cinayətlərin icraçısı olmasına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun pul müqabilində sürücü-mühafizəçisi Qulu Muxtarova Qərib İbadov və Ramiz Nadirovu öldürülməsini sifariş etməsinə, bu “sifariş”-lərin isə Dadaş Hüseynov tərəfindən pul müqabilində icra olunmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, Qulu Muxtarovun törədilmiş cinayət əməllərindən xəbərdar olmaqla onu sonradan icra etdiyi cinayətlərə görə əlavə pul almaq üçün hədələyən Dadaş Hüseynovu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Vahid Haşımov (sifarişçi) və Qulu Muxtarov (icraçı) cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevin vəfat etmələri nəzərə alınmaqla, qanuna müvafiq qərarlar qəbul edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, qeyd olunan cinayət əməllərinin törədilməsində iştirakı olmuş bütün şəxslərin istintaqa cəlb olunması təmin ediləcək.

Baş Prokurorluq tərəfindən ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər