“Qlobal iqtisadiyyatda, dünya iqtisadiyyatında risklərin artması demək olar ki, son illərdə tez-tez müşahidə olunur. Əsas məsələ odur ki, biz ölkəmizdən asılı olmayan qlobal risklərə hazır olmalı, qabaqlayıcı tədbirlər görməliyik”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, neftin dünya siyasətinin tərkib hissəsi olması inkarolunmaz faktdır. Onun sözlərinə görə, harada neft varsa, orada böyük dövlətlərin marağı var, deməli böyük siyasət var.
“2015-ci ilin dövlət büdcəsində neftin qiyməti son illərin orta illik ixrac qiymətləri ilə müqayisədə aşağı olsa da, reallığı, dünya neft siyasətində baş verən prosesləri əks etdirir. Neftin qiymətində baş verən dəyişikliklər dövlətimizdən asılı olmayan, qlobal dünya siyasətində baş verən səbəblərlə bağlıdır.
Azərbaycan dövləti dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranacaq itkiləri örtmək üçün kifayət qədər valyuta ehtiyatlarına və inkişaf imkanlarına malikdir. Nəzərə almalıyıq ki, ölkənin maliyyə resurslarının formalaşması real sektorun inkişafı ilə bilavasitə bağlıdır. Son illərdə fəaliyyət göstərən müəssisə, firma və şirkətlərin maliyyə vəziyyəti yaxşılaşıb ki, bunun nəticəsində də büdcə daxilolmaları üzrə tapşırıqların yerinə yetirilməsi təmin olunur” – deyə, komitə sədri vurğulayıb.
Səxavət