Bakının Nəsimi rayonunda "Prius"u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Rauf Qurbanov 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov aprelin 28-də idarə etdiyi Toyota "Prius" markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Aparılmış araşdırmalarla Rauf Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.
Rauf Qurbanova Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə ittiham elan edilib.