Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Hacıqabul rayon prokurorluğundan bildirilib.
“Hacıqabul rayon mərkəzi xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.01.2022-ci il tarixdən 15.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.
Hazırda iş üzrə istintaq davam edir.