Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, 2-3 dekabr tarixlərində ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
2-3 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 3 ədəd qumbara, 1 qumbara alışdırıcısı, 1 patron darağı, 24 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 2 tüfəng aşkar edilərək götürülüb.