Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şəki şəhər sakini Yaşar Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb.
Teleqraf.com xəbər verir ki, onun üzərinə baxış zamanı 1 ədəd “Mararov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilib.
Y.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 28-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir nəticəsində isə paytaxt sakini olan daha bir nəfər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə müraciət edərək tikinti işləri görən zaman tapdığı 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd sandıqca və 25 ədəd patronu könüllü olaraq təqdim etmək istədiyini bildirib.
Silah-sursat həmin şəxsdən götürülüb. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.