Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Cəbrail Fərzəliyevin 12 il azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses dekabrın 25-də davam edəcək.
İttihama görə, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur. O, “Paşa Bank”dan, “Gənclər Fondu”ndan müxtəlif işlər görmək adıyla ümumilikdə 527 min manat vəsait götürüb və mənimsəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, Cəbrail Fərzəliyev Gənclər Birliyinin də üzvü olub. O, həmçinin politoloq kimi fəaliyyət göstərib.
2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.
Zərərçəkmiş qismində isə həm “Paşa Bank”, həm də Gənclər Fondu tanınıb.
Cəbrail Fərzəliyev istintaq dövründə dəymiş ziyanın - 527 min manatın bir hissəsini ödəyib.