Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.
Bu barədə Teleqraf.com-a FHN Mətbuat xidmətindən bildirilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17:25
Paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
Qeyd olunub ki, xəsarət alan şəxslərdən 3 nəfər FHN-in əməkdaşları tərəfindən axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.