Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər quldurluq və narkotiklərə görə məhkum olunmuş Səid Zeynalov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı çəkisi 400 qramdan artıq olan marixuana, eləcə də bir ədəd "Naqan" markalı tapança aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı rayonun Əsgərbəyli kənd sakini İlyar Kərimov da saxlanılıb. Onun yaşadığı ünvandan isə 30 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 10 gün ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasına istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 nəfər saxlanılıb ki, onlardan 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.