2013-cü il prezident seçkiləri öncəsi müxalifətin yaratdığı Milli Şurada yeni seçkilər keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Milli Şuranın sessiyasında qurumun 2015-ci ilin fəaliyyət proqramı qəbul edilib. Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçildi. Milli Şuranın Koordinasiya Mərkəzinin yeni tərkibi müəyyən olunub. 21 nəfərdən ibarət tərkibdə keçmiş Mərkəz üzvlərindən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu çıxdaş edilib. Onun adı Mərkəz üzvləri sırasında yoxdur. Milli Şuranın fəaliyyətində passiv olan Rüstəm İbrahimbəyovun adı isə başda yer alıb.
Mərkəzdə Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Leyla Yunus, Vidadi Mirkamal, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli, Fuad Ağayev, Gözəl Bayramlı, İbrahim İbrahimli, Mehriban Vəzir, Kamil Vəli Nərimanoğlu, Qurban Məmmədov, Namizəd Səfərov, Nurəddin Mustafayev, Rövşən Əhmədli, Rafiq Manaflı, Mehman Əliyev, Rahim Hacıyev, Şahvələd Çobanoğlu, Oqtay Gülalıyev Əli Kərimli təmsil olunur.
Qeyd edək ki, bir vaxtlar iclaslarını KXCP-nin qərargahında keçirən Milli Şurada sözügedən partiyaya qarşı münasibət son dövrlərdə sıcaq deyil. Hətta ayrı-ayrı Milli Şura üzvləri tərəfindən KXCP lideri və üzvlərinə qarşı sərt ifadələr də işlənir. KXCP-nin Milli Şuradakı üzvləri qurumun toplantılarına da az-az qatılır. M.Mirəlioğlu Müsavat Partiyasının da birgə iştirakı ilə Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzini təsis edib və bu təşkilatda təmsilçiliyə üstünlük verir. Həftədə bir dəfə toplantısını keçirən Mərkəzi AXCP başda olmaqla Milli Şura üzvləri boykot edir.
KXCP sədri Mirmahmud Mirəlioğlu son açıqlamasında Milli Şuranın öz missiyasını bitirdiyini bəyan etmişdi: “Bütün rıçaqlar əllərində olmasına baxmayaraq, 1 il hakimiyyətdə qala bilməyən dostlarım, əqidədaşlarım sonradan prezident seçkiləri ilə bağlı qurum yaradıb, bəziləri istəyirlər ki, bu qurum uzunömürlü olsun. Bu adamlar hakimiyyətin uzunömürlü olması üçün belə çalışmadılar, amma müxalifətdə olanda bir qurumun ömrünün sonsuzluğa qədər davam etməsini istəyirlər”.
Kəmalə