Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov Makedoniya Prezidenti Gyorge İvanovun dəvəti əsasında Makedoniyaya səfər edib.
Səfirlikdən Teleqraf/com-a verilən məlumata görə, Makedoniya Prezidenti tərəfindən bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil olunmuş rəsmi qəbula qatılan F.Bağırov Prezident G.İvanovla görüşüb.
Görüş zamanı səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını qarşı tərəfə çatdırıb. Azərbaycanla Makedoniya arasında mövcud olan dostluq münasibətlərinin daha da gücləndirilməsi, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün lazımi təşəbbüslərin göstərildiyini deyib.
Prezident G.İvanov Azərbaycanla Makedoniya arasındakı dostluq münasibətlərinin, ikitərəfli əməkdaşlığın inkişafının bundan sonra da xalqlarımızın rifahına xidmət etməsini arzu edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan xalqına salamlarının çatdırılmasını xahiş edib.
Səfər çərçivəsində Makedoniya Prezidenti kabinetinin xarici məsələlər üzrə dövlət müşaviri Darko Kostadinovski ilə də görüş keçirilib. Görüş zamanı Makedoniya Prezidentinin cari ilin aprel ayında Bakıya nəzərdə tutulmuş səfəri, eləcə də qarşılıqlı olaraq ali səviyyəli səfərlərin reallaşdırılması imkanları müzakirə edilib.
Daha sonra Makedoniya Xarici İşlər Nazirliyinin Qeyri-Avropa ölkələri ilə ikitərəfli əlaqələr idarəsinin rəisi Osvit Rosokliya və həmin nazirliyin diplomatik protokol idarəsinin rəis müavini Hriste Koteski ilə görüşlər keçirilib. Görüşdə ikitərəfli hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi əməkdaşlıq, sərmayələrin cəlb olunması, yüksəksəviyyəli və xarici işlər nazirləri səviyyəsində səfərlərin təşkili, mədəniyyət sahəsində mübadilə, parlamentlərarası əməkdaşlıq, XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsinə dair məsələlər müzakirə olunub.
Səfir F.Bağırov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat və materialları qarşı tərəfin diqqətinə çatdırıb.
Qeyd olunanlardan əlavə, səfər zamanı Makedoniyanın iqtisadiyyat naziri Bekim Neziri ilə görüş keçirilib. Görüş zamanı makedoniyalı nazir ölkəsində xarici sərmayələrinin cəlb edilməsi və bu sərmayələrin qorunması üçün böyük imkanlar olduğunu, Makedoniyanın xarici sərmayələr üçün böyük fürsətlər yarada biləcəyini vurğulayıb. Nazir, həmçinin Makedoniyanın Azərbaycanla iqtisadi sahədə, xüsusilə də enerji sektorunda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
F.Bağırov, öz növbəsində, Azərbaycanın müxtəlif sahələrdə sürətli inkişaf etdiyini qarşı tərəfin diqqətinə çatdıraraq, Azərbaycanla Makedoniya arasında iqtisadi əməkdaşlığın, o cümlədən qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfər zamanı Makedoniya Prezidentinin kabineti tərəfindən müvafiq mədəniyyət proqramı təşkil edilib. Makedoniyanın Kruşevo şəhərinin tarixi və mədəniyyət abidələrini ziyarət proqram çərçivəsinə daxil olub.