1 Aprel 10:03
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, martın 30-da və 31-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Martın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 tüfəng, 1 patron darağı və 15 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Martın 30-da və 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaratan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 30-da və 31-də ümumi çəkisi 19,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,9 kiloqrama yaxın heroin, 13,6 kiloqrama yaxın marixuana, 300 qrama yaxın tiryək, 800 qramdan çox metamfetamin, həmçinin 309 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov