AXP sədri müxalifəti toparlaya biləcəkmi?
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn parlament seçkiləri öncəsi müxalifətin birliyi üçün yenə hərəkətə keçib. P.Hüseyn daha əvvəl də birliyə cəhd etsə də, müxalifətdən reaksiya gözlədiyi kimi olmamışdı.
Belə ki, Müsavat əvvəlcə seçki blokunun yaradılmasında fəallıq göstərsə də, partiya başqanı Arif Hacılı son açıqlamasında partiyanın böyük ehtimalla seçkilərə tək qatılacağını bildirib: “Lakin seçki öncəsi ölkədə siyasi vəziyyət dəyişə bilər və əgər Müsavat Partiyası ilə hədəfləri, siyasi mövqeləri üst-üstə düşən real siyasi qüvvələrlə seçki blokunun yaradılması mümkün olacaqsa, biz bu imkanları da dəyərləndirəcəyik”.
AXCP isə bu barədə mövqeyini qəti qoyub. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı hesab edir ki, real müxalifət bir aradadır və Milli Şura çərçivəsində əməkdaşlığı mövcuddur: “Kənarda nə qüvvə, nə də əməkdaşlıq mexanizmləri axtarmağa ehtiyac var”.
Lakin Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan bir sıra partiyalar seçki blokunun yaradılmasının tərəfdarıdır.
Ötən gün isə P.Hüseyn Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə görüşərək bu məsələni müzakirə edib. Görüşdə ölkədəki ümumi vəziyyət, müxalifət düşərgəsinin mövcud durumu və toparlanmaq imkanları, Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan qurumların seçki blokunun formalaşdırılması, o cümlədən, VİP-AXP əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Partiya sədrləri əsas diqqəti müxalifət düşərgəsinin böhrandan çıxarılmasına və qarşıdan gələn parlament seçkilərində effektli iştirak formasının seçilməsinə yönəldiblər.
“Yeni əməkdaşlıq mərhələsinə keçməyin vaxtı çatıb”
P.Hüseyn qəzetimizə deyib ki, VİP sədri Əli Əliyevlə görüş qarşı tərəfin təşəbbüsü ilə keçirilib: “İkitərəfli maraq kəsb edən məsələlər, Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzində əməkdaşlığın perspektivləri, Milli Məclisə 2015-ci il seçkiləri, seçki blokunun formalaşdırılması ilə bağlı faydalı fikir mübadiləmiz oldu. Bundan öncə 5 partiya rəhbərinin görüşü baş tutmuşdu. Belə görüşlərin bundan sonra da olacağı istisna deyil. Çünki proses başa çatmayıb və nəticələr də yoxdur. Müxalifətin müxtəlif dərəcəli və müxtəlif səviyyəli, istər ikitərəfli, istərsə də çoxtərəfli, eləcə də funksional, seçki bloku şəklində əməkdaşlıq etməsi arzuolunandır. Müxalifətin mümkün qədər geniş çevrəsinin koalisiyasının tərəfdarıyıq. Amma hələlik bu, ortada olmadığına görə ikitərəfli, çoxtərəfli əməkdaşlıq mexanizmlərinin yaradılması və fəaliyyəti faydalı hesab olunur. Şəxsi mövqeyim odur ki, mümkün qədər tez yeni bir əməkdaşlıq mərhələsinə keçməyin vaxtı gəlib çatıb.
“Seçkilər yaxınlaşdıqca əməkdaşlıq meyilləri güclənəcək”
O əlavə edib ki, seçki məsələsi ətrafında əməkdaşlıq çox dərəcəlidir: “Bir var seçki bloku şəklində əməkdaşlıq etmək, bu, problem ətrafında ən sıx inteqrasiyanı nəzərdə tutur. Seçki ilə bağlı funksional əməkdaşlıq da mümkündür. Burada seçkilərin monitorinqi, digər siyasi bəyanatların verilməsi, müşahidə mexanizminin qurulması, mümkün olarsa, hətta eyni dairədən vahid namizədin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu da mümkün olmazsa, namizədlərin özlərinin əməkdaşlığı ola bilər. Bunlar bir-birini istisna etmir. Mənə elə gəlir ki, seçkilər yaxınlaşdıqca əməkdaşlıq meyilləri güclənəcək. Hazırda aparılan işlər məsələnin siyasi tərəfidir. Qanunvericiliyə görə hüquqi baxımdan blokların yaradılmasının konkret təqvimi var. Hazırda bu məsələ siyasi ardıcıllıqla davam etdirilir”.
NƏRGİZ