Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə hər iki ünvana cəlb olunub.
Xüsusi alpinist ləvazimatlarından istifadə edərək Nərimanov rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalan 2022-ci il təvəllüdlü azyaşlı xilas edilərək valideynlərinə təhvil verilib.
Həmçinin, Nizami rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə edərək eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında aşkar edilən 2000-ci il təvəllüdlü yeniyetmə yaxınlarına təhvil verilib.