“Əli Kərimlinin fikirləri erməni lobbisinin, Azərbaycanı istəməyən dövlətlərin, ölkəmizə qarşı təzyiq göstərməyə çalışan beynəlxalq qurumların fikirləri üst-üstə düşür. Bunlar eyni mənbədən istiqamətləndirilir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində AXCP sədrinin ittihamlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Əli Kərimli Azərbaycan xalqının maraqlarını deyil, başqa-başqa dövlətlərin, qurumların, xüsusilə erməni lobbisinin maraqlarını həyata keçirməklə məşğuldur: “Bunu AXCP-dən istefa verən şəxslər də bildiriblər. O baxımdan, ölkədə görülən işlərə kölgə salmaq, mənfi fikir söyləmək, çox primitiv şəkildə, saxta rəqəmlərlə insanları çaşdırmaq bilavasitə həmin təxribatçı qrupların planının tərkib hissəsidir. Bu plana uyğun olaraq, Əli Kərimli öz şəbəkələrinə aid mətbuat orqanında guya ölkəmizin sosial-iqtisadi vəziyyətinə dair müsahibə verib. Əslində, ilk baxışdan belə görünür ki, kimlər tərəfindənsə hazırlanaraq onun adı ilə verilib. Yəqin, bu da yuxarıda adlarını çəkdiyim dairələrin işidir.
Təsəvvür edin, bütün dünya ölkələri maliyyə-iqtisadi böhranı etiraf edir, onun zərərlərindən danışır, amma Əli Kərimli sübut etməyə çalışır ki, dünyada iqtisadi böhran yoxdur. Hazırda bütün Şərqi Avropa, eləcə də Avropanın digər hissəsinə aid olan ölkələr böhran içərisindədir. Elə təkcə Yunanıstanı götürək ki, hansı vəziyyətdədir. Ən qədim Avropa dövlətlərindən biridir. Bu dövlətin iqtisadi böhran məngənəsində necə sıxıldığını az qala bütün dünyanın vətəndaşları bilir. Bəs Əli Kərimli kimilər bunu görmür?”
AXCP sədrinin neftin qiymətinin aşağı düşməsi məsələsindən çıxış edərək Azərbaycanda vəziyyətin pisləşəcəyinə dair fikirlərini şərh edən S. Novruzov qeyd edib ki, neft gəlirlərini Azərbaycandan yaxşı istifadə edən ikinci bir ölkə yoxdur: “Hansı ölkələr bu qısa müddət ərzində Azərbaycan qədər düzgün, məqsədli şəkildə neft gəlirlərindən səmərəli istifadə edir? Bunu Beynəlxalq Valyuta Fondu da, Dünya Bankı da təsdiq edir. Ümumiyyətlə, neft gəlirlərinin idarə olunmasını izləyən qurumlar bu məsələdə Azərbaycanın gördüyü tədbirləri dəyərləndirirlər. Neft gəlirləri xalq üçündür. Yəqin, Əli Kərimli hesab edir ki, bp-dən aldığı pullar kimi bu neft pullarından da pay almalıdır. Amma nəzərə almalıdır ki, bu, Azərbaycan xalqının sərvətidir, yalnız xalqa xidmət edir. Əli Kərimlinin Böyük Britaniya banklarında milyonlarla pulunun olması sübut olunub. Övladları ən bahalı universitetlərdə oxuyur, xaricdə bahalı evləri, mülkləri var. Bunları hansı vəsait hesabına əldə edib, əvvəlcə bunun hesabatını versə? yaxşı olar. Sonra başqa şeylərdən danışsın. Əli Kərimli xeyli vaxtdır Biləcəridən o tərəfə keçməyib, amma özünü elə aparır ki, guya hər şeydən xəbəri var”.
Onun sözlərinə görə, Əli Kərimli kimilər ölkədə sabitliyin mövcud olmasına maraqlı deyil.
“Sabitlikdən gözəl nə var? Bütün dünya bu baxımdan Azərbaycana həsəd aparır, çünki ölkəmiz sabitlik adasıdır. Hakimiyyətin 10 qızıl şərti var. AXCP sədri bunu bilmirsə, gedib oxuyub öyrənsin. 10 qızıl şərtin birincisi sabitlikdir. Sabitlik olmayan ölkədə iqtisadi inkişaf, islahatlar mümkün deyil. Hər hansı sahələrə dəyər vermək mümkün deyil. Bu gün dövlət vəsaiti hesabına 5000-ə yaxın gənc xaricdə təhsil alıb yüksək mütəxəssis kimi Azərbaycana qayıdırlar. Neft kapitalının insan kapitalına çevrilməsi budur. Amma Əli Kərimli 5-3 nəfər qaçaq-qulduru başına yığıb milli maraqlara zidd fəaliyyət göstərir. O, erməni lobbisinə xidmət edən, onlardan qrant alan bəzi insanlarla əlbir olub. Leyla Yunus kimi casusların canfəşanlıqla müdafiə etməsi də buradan qaynaqlanır. Ölkəmizdə sabitliyin pozulması həm Əli Kərimlinin, həm də onu maliyyələşdirən, arxasında dayanan, himayə edən qurumların arzusudur. AXCP sədri bacarırsa, ölkəmizdəki sabitlik şəraitində hansısa proqramla çıxış etsin, amma bunu bacarmır. Xalq bilir ki, o, hansı yuvanın quşudur. Ona görə də heç bir etimad göstərmir. Bu səbəbdəndir ki, bütün seçkilərdə biabırçı şəkildə uduzur. Özü də partiyanı tamam dağıdıb. Elçibəydən qalan partiyadan əsər-əlamət yoxdur. Əli Kərimlinin partiyası bələdiyyə seçkilərində iştirak etmək iqtidarında olmadı. Bu vəziyyətdə olan adam durub Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatına dair fikir söyləmək istəyir. Amma çox primitiv şəkildə yanaşma tərzi ortaya qoyur ki, bu da insanları çaşdırmaq məqsədi güdür”, - deyə o qeyd edib.
S. Novruzov Azərbaycanın müstəqil siyasət aparmasının Əli Kərimli kimilərə sərf etmədiyini vurğulayıb. Onun sözlərinə görə, AXCP sədri Azərbaycanın da Ermənistan kimi qoltuq altında sürünməsini istəyir: “Əli Kərimli Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı reallığı deyə bilməyib və bilməz. Çünki ipi erməni lobbisinin əlindədir. Erməni lobbisinin maliyyələşdirdiyi təşkilatlar vasitəsilə milyonlarla pul alıb. Ona görə də Ermənistan haqqında mənfi söz işlətməyib, gizli şəkildə bu ölkəni müdafiə edir, işlədiyi təşkilatlara qulluq göstərir. Bu insan Azərbaycan xalqına və dövlətinə xidmət etmir. Artıq uzun illərdir ki, bu reallıq öz partiyadaşları tərəfindən etiraf olunub. Bunun nəticəsi olaraq, həmin adamlar bəyanat verib AXCP-dən çıxıblar. Gəlin görək, AXCP sədri hansısa dünya mətbuatında Azərbaycanın maraqlarını müdafiə edən bir yazısı varmı? Həmin yazıda Ermənistanın işğalçılıq siyasətinin nəticələri, münaqişənin ədalətli həlli bağlı məqamlar varmı? Varsa, göstərsin. Əslində, harada anti-azərbaycançı qüvvələr var, Əli Kərimli onlarla dostluq edir. Bunların ümumiyyətlə perspektivləri yoxdur. İlk növbədə, elektorat, sosial bazaları yoxdur. Əli Kərimli dəfələrlə namizədliyin irəli sürdüyü istənilən dairədə istənilən namizədə məğlub olub. Çünki cəmiyyət onları qəbul etmir. Onlar tarixin arxivinə, özü də qara arxivinə birdəfəlik gedəcəklər”.