Fransanın şərqindəki Myuluz kommunasında məhkəmə binası qarşısında bir qrup şəxsin iştirakı ilə həyata keçirilən atışma zamanı bir nəfər ölüb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 15:50-də (Bakı vaxtı ilə 17:50) Robert Şuman prospektində baş verib.
Məlumata görə, iki nəfər motosikletlə küçə ilə hərəkət edərkən məhkəmənin yaxınlığında dayanmış avtomobildən onlara yaxın məsafədən atəş açılıb. Motosikletçilərdən birinin yerindəcə öldüyü, ikincisinin ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi, hücum edənlərin qaçdığı bildirilir.
Hazırda hadisə yerində məhkəmə polisinin müstəntiqləri işləyir. “Actu17” portalının məlumatına görə, əsas versiya kimi kriminal elementlər arasında hesablaşma nəzərdən keçirilir.