Qurultay keçirən tərəf Rauf Qurbanovu partiyadan xaric edib
Martın 1-də Bakının Xətai rayonunda Azərbaycan Kommunist Partiyasının (5-ci çağırış) 38-ci qurultayı keçirilib. Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) və beynəlxalq Kommunist Partiyaları İttifaqının (KPİ - KPSS) lideri Gennadi Züqanovun siyasi və ideoloji fikirlərini bölüşdürən partiyanın 26 rayon təşkilatı qurultayda təmsil olunmayıb.
Partiyadan Teleqraf.com-a verilən xəbərə görə, qurultayda partiyanın Mərkəzi Komitəsi (MK) və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) hesabatları dinlənilib və müzakirə olunub. Gülnisə Məhsimova 31 adamdan ibarət AKP MK sədri, Ədalət Yaqubov isə 7 nəfərdən ibarət MNTK sədri seçilib. MK sıralarından da G. Məhsimova başda olmaqla 13 nəfərdən ibarət Büro formalaşdırılıb.
Qurultayda Azərbaycandakı mürəkkəb sosial-iqtisadi vəziyyət haqqında danışıldı və qeyd edildi ki, züqanovçu kommunistlər kapitalist cəmiyyətinin problemləri fonunda sosial ədalət uğrunda mübarizə aparmalı, vətəndaşların sosial və iqtisadi hüquqlarını müdafiə prinsipindən çıxış etməlidir. Qurultay həmçinin çoxqütblü dünya tərəfdarı kimi çıxış edərək, imperialist diktəsini pislədi və Azərbaycanın tarixi tərəfdaşları və müttəfiqləri ilə, ilk növbədə Rusiya ilə, hərtərəfli yaxınlaşmasının lazım olduğunu vurğuladı. Bu baxımdan Prezident İlham Əliyevin Rusiya ilə hərtərəfli əməkdaşlığa yönəlmiş xarici siyasəti qurultay tərəfindən dəstəkləndi.
Kommunistlərin qurultayı təşkilati məsələlərə də baxıB. Keçmiş partiya sədri Rauf Qurbanov və onun bir qrup tərəfdarı bölücü və fraksiyaçı fəaliyyətinə görə AKP-dən çıxarılıb: "Qurbanov və onun tərəfdarları illər boyu Azərbaycanın kütləvi informasiya vasitələrini, eləcə də RFKP və KPİ-KPSS rəhbərliyini aldadırmış və özlərini “Azərbaycan Kommunist Partiyası” kimi təqdim edirmış, baxmayaraq ki, bu kiçik qrupun nə balaca sayı, nə də passiv fəaliyyəti buna əsas vermirdi. Bu antipartiya qrupunun fəaliyyəti haqqında RFKP və KPİ-KPSS rəhbərliyi məlumatlandırılıb".
Qeyd edək ki, bununla artıq ikinci dəfədir ki, AKP-də Rauf Qurbanova qarşı “üsyan” baş verir.
Cavidan