4 Mart 2015 12:14
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Razi Nurullayev: “Siyasi təşkilat yaradacağam”

“Milli Şurada üzvlüyüm qalır, amma AXCP məni bu qurumdan kənarlaşdıra bilər”. Bu sözləri AXCP sədrinin keçmiş müavini, partiyadan istefa verən Razi Nurullayev deyib. O söyləyib ki, Milli Şurada AXCP sədrinin insanları süzgəcdən keçirmək cəhdlərini, onun meyar və tələblərinə uyğun addımlar atılmasını qəbul etmir: “Orada hörmətli insanlar var, lakin onlar bunu qəbul etməsələr belə bu və ya digər səbəbdən susurlar”.

“Siyasi təşkilatımı yaradacağam”

R.Nurullayev aktiv siyasətə start verdiyini və yeni siyasi təşkilat yaratmaq niyyətində olduğunu bildirib: “Özümün siyasi təşkilatımı yaradacağam. Bunun hərəkat, partiya, yaxud başqa formada olacağı haqda qərar verməmişəm. Dostlarımızla məsləhətləşirik və qərar veriləndə ictimaiyyətə açıqlayacağıq”.

“ADR-ə qoşulmaq niyyətim yoxdur”

O, Müsavatda narazıların yaratdığı ADR hərəkatına qoşulmaq niyyətində olmadığını deyib: “Özümün yaradacağım siyasi təşkilatın formatı üzərində iş gedir. Bu təşkilatda yeni insanların olmasını istəyirəm. Təbii ki, bir siyasi təşkilatdan digərinə keçənləri məqbul qarşılayıram. Amma təkcə bu insanlarla nəsə dəyişiklik etməyin mümkünlüyünə inanmıram. Ona görə də siyasətə yeni simalar, yeni nəfəs gətirmək istəyirəm. Ətrafımızda gənclər də var, eyni zamanda, kifayət qədər bizi dəstəkləyənlər mövcuddur. Sadəcə olaraq, konkret qərar olmadığı üçün onlar da gözləyirlər”.

R.Nurullayev yaradacağı siyasi təşkilata AXCP-dən qoşulmaq istəyənlərin olub-olmadığı haqda heç nə demək istəmədiyini bildirib.

“Məni dəstəkləyənlərin tənqid edənlərdən daha çox olduğunu gördüm”

O, sosial şəbəkələrdə ona qarşı təzyiqlərin hələ də davam etdiyini vurğulayıb: “Əvvəlki kimi olmasa da, yenə də təzyiqlər var. İlk günlər bir qədər sıxılırdım. Lakin mən tənqidə açıq adamam. Xüsusilə, siyasətdə olan insanın tənqid olunması normaldır. Heç kim ehkam deyil. Lakin mən hər kəsin öz adı, öz şəxsiyyəti altında fikir bildirməsinin tərəfdarıyam. Saxta profillərlə şantaj etmək, mənəvi terrora məruz qoymaq doğru deyil. Mən əvvəldən analiz apardım və məni dəstəkləyənlərin tənqid edənlərdən daha çox olduğunu gördüm. Ona görə də narahat deyiləm”.

R.Nurullayev onu dəstəkləyib, lakin açıq formada fikir bildirməkdən çəkinən insanlarla gələcəkdə bir yerdə olması ehtimalından da danışıb: “Mən AXCP-də fərqli fikir azadlığına müdaxiləyə etiraz edirdim. Hər bir insandan eyni qəlibdə olmağı tələb etmək doğru deyil. Biri radikal ola bilər, o biri daha çox liberal. Müxtəlif spektrli insanların bir yerdə olması mümkündür. Bu baxımdan, müəyyən məsələlərə görə mənə dəstəyini açıq şəkildə ifadə edə bilməyənlərlə gələcəkdə bir yerdə olmağımız da mümkündür. Əsas olan ümumi prinsiplərimizin və bölüşdüyümüz dəyərlərin eyni olmasıdır. Fikir müxtəlifliyini çox normal qarşılayıram. Bir təşkilatda fikir müxtəlifliyi yoxdursa, onun gələcəyi də yoxdur”, - deyə o vurğulayıb.

“Ümid edirəm ki, səfirliklərlə görüşə nail olacağam”

O, ABŞ və Böyük Britaniya səfirliyinin onun barəsində Əli Kərimliyə məlumat ötürdüyü barədə səfirliklərə göndərdiyi müraciətdən də bəhs edib: “Əli Kərimli adıçəkilən səfirkliklərin mənim barəmdə ona məlumat ötürüldüyünü deyəndə buna inanmadığımı dedim. Və söylədim ki, belə bir hal mümkün deyil. İnanmıram ki, diplomatik korpusun təşkilatçıları fəaliyyətdən kənara çıxaraq belə fəaliyyətlə bulunsunlar. Barəmdə də olmayan məlumatı Əli Kərimliyə ötürsünlər. Hər iki səfirliyə müraciət etmişəm. Ümid edirəm ki, səfirliklərlə görüşə nail olacağam və bu məsələləri masa arxasında müzakirə etmək mümkün olacaq”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər