6 Mart 2015 14:41
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev rəhbərlik etdiyi partiyanın parlament seçkilərinə hazırlığından danışıb. O qeyd edib ki, partiyanın əsas işi namizədlərin müəyyənləşdirilməsi və onların texniki hazırlığı, komandanın formalaşmasına yönəlib.

“Azadlıq-2015" seçki blokunda təmsil olunduqlarını deyən Ə.Əliyev əlavə edib ki, blok çərçivəsində seçkiyə hazırlıqla bağlı işlər həyata keçirilir.

VİP sədri Müsavat, ADP və Ümid partiyalarının “Azadlıq-2015"ə qoşulmamasının hər hansı narazılıqla əlaqəli olmadığını dilə gətirib: ”Narazılığın olduğu barədə bir söz deyə bilmərəm. Ən azı mən belə bir şey eşitməmişəm. Bu partiyalar bloka qoşulmamaqlarının səbəbinə özləri aydınlıq gətirsə, daha yaxşı olar".

Ə.Əliyev Prezident Adminisitrasiyasının şöbə müdiri Əli Həsənovun iştirakı ilə iqtidar-müxalifət dialoquna da toxunub: “Dialoqun təşəbbüskarı məhz ”Azadlıq-2015" seçki blokuna daxil olan partiyalar olub. Əvvəl 4 partiya görüşlə bağlı müraciət etmişdi. Təşəbbüsün nəticəsində görüşlər baş tutdu. Deyə bilərəm ki, Azərbaycanda yeni bir proses başladılıb. İqtidar-müxalifət görüşlərini artıq ənənəvi saymaq olar və getdikcə ciddi xarakter alır. Müxalifəti təmsil edən partiyalar bu görüşlərin potensial faydasını duyurlar. Hər iki tərəf siyasi iradə nümayiş etdirsə, bu, Azərbaycanın siyasi sisteminin inkişafına gətirib çıxara bilər. Bu prosesi ölkəmizdəki siyasi və demokratik açılımın başlanğıcı kimi görürəm".


O, dialoqu tənqid edənlərə də cavab verib: “Hər kəs öz tərbiyəsi və xarakterinə uyğun epitetlər seçir. Mən təbabətlə əlaqədar adamam. Psixiatriyada belə şey var ki, insanlar daxilində yaşadığı kompleksləri başqasında görməyə çalışır. Bu prosesi uğurlu hesab edirik. Mənə elə gəlir ki, Azərbaycanda şəffaf surətdə mətbuata hesabatı verilən belə təmasların olması ölkənin maraqlarına xidmət edə bilər”.

Ə.Əliyev Eldəniz Quliyevlə aralarındakı məhkəmə iddialarına da münasibət bildirib: “Həmin məhkəmə prosesinə təkan veriləcək, sadəcə olaraq, bir az zamana ehtiyac var. Səbəbləri izah etmirəm. Amma heç kəsin bizə qarşı işlədilmiş kobud ifadələrini, təhqirini qəbul edən təbiətə malik deyilik. Hər şeyin adekvat cavabı olmalıdır. Cavab da qanun çərçivəsində olacaq”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər