9 Mart 2015 13:11
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonu strateji müttəfiqlərini daha səylə dəstəkləməyə çağırıb.

Teleqraf.com-un məlumatına görə, “Tribune - Review” nəşrinə müsahibə verən səfir Azərbaycanın yerləşdiyi coğrafiyanın mürəkkəb olduğunu diqqətə çatdırıb: “Azərbaycan Rusiya və İran arasında sıxışıb qalıb, həmçinin, Yaxın Şərqdəki qeyri-sabit vəziyyətdən əziyyət çəkir. Ümid edirik ki, Birləşmiş Ştatlar müttəfiqlərini daha güclü şəkildə dəstəkləyəcək”.

E. Süleymanov Azərbaycanın separatizmlə üzləşdiyini deyib: “Biz separatizmlə üzləşmişik, ərazilərimizin əhəmiyyətli hissəsini itirmişik. Biz bundan sonra vəziyyətin belə qalmasını istəmirik. Birləşmiş Ştatlar separatizmin, ekstremizmin istənilən formalarını müntəzəm şəkildə inkar etməli, buna qarşı çıxmalıdır”.

Onun sözlərinə görə, diplomatiya şəxsi münasibətlərə bənzəyir: “Azərbaycan uzun müddət regionda sabitliyin qorunması üçün ABŞ-a dostcasına dəstək verib. Lakin Vaşınqton ona göstərilən münasibətə adekvat münasibət göstərmir. Siz bizə deyə bilməzsiniz ki, bizə lazım olanı edirik və sizdən nə xahiş ediriksə, onu mütləq etməlisiniz. Bu işlər belə olmur”.

Qonşu Gürcüstan, Ukrayna və Moldovadakı separatizmdən danışan səfir Azərbaycanın eyni proseslərlə 1988-ci ildən üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub: “1994-cü ildən sonra atəşkəs rejimi tətbiq olunub. Lakin indiyə qədər də öldürülənlər var. Ermənistanın işğalı nəticəsində 600 mindən artıq insan köçməyə məruz qaldı. Bu, bütöv bir nəslin sürgünü deməkdir”.

E. Süleymanov Azərbaycanın bu gün Avropanın enerji təchizatında mühüm rol oynadığına diqqət çəkib. Bununla yanaşı, Azərbaycan Əfqanıstan və İraqda terrorizmə qarşı mübarizədə həmişə ABŞ-ın yanında olub.

“Bunu amerikalı siyasətçilər də dilə gətirir. Biz müsəlman ölkəsi olaraq, Kosovoya sülhməramlı göndərdik. Biz Amerikanın dostu kimi münasibət görmək istəyirik. Lakin biz nikbinik. Çünki Azərbaycan öz pulunu ağılla xərcləyir. Biz inkişaf edən varlı ölkəyik. Biz qonşu ölkələrə də sərmayə qoyuruq və hətta Ermənistana da sərmayə yatıra, partnyor ola bilərik. Əvəzində işğal olunmuş ərazilər azad olunmalıdır. Biz iki dövlətin gələcək inkişafı haqda oturub danışa bilərik. Allaha and olsun ki, biz Ermənistan iqtisadiyyatına sərmayə qoya biləcək potensiala malikik”, - deyə o qeyd edib.


Müəllif:

Oxşar xəbərlər