Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Volter AŞPA-nın Bakı ofisində Azərbaycanın bir qrup QHT nümayəndələri ilə görüş keçirib.
Teleqraf.com-un məlumatına görə, görüşdə iştirak edən Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı İctimai Birliyinin sədri Vüqar Qədirov , “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin koordinatoru Nurəddin Mehdiyev və “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyini sədri Anar Xəlilov Ermənistannın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların ərazilərindəki, Azərbaycanın milli-mədəni dəyərlərinin ermənilər tərəfindən kütləvi şəkildə dağıdılmasını R.Volterin diqqətinə çatdırıblar. Sonda Avropa Şurasının Prezidenti Donald Tuska ünvanlanan müraciəti R.Volterə təqdim etdilər.
AŞ prezidentinə ünvanlanan müraciətdə qeyd edilir ki, Azərbaycanın 1992-ci ildən işğal altında saxladıqları ərazilərini özəlləşdirdiyini düşünən Ermənistanın siyasi dairələri, artıq bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, ardıcıl və davamlı fəaliyyət planı həyata keçirirlər: “ Bu fəaliyyət planına toponimlərin, yerlərin və inzibati yaşayış mərkəzlərinin adlarının dəyişdirilməsı, tarixi şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin, hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar və mənzillər üzərindən azərbaycanlıların adlarının ləğv edilərək milliyyətcə erməni vətəndaşlarının adları ilə əvəz edilməsi, monumental abidələrin və xatirə nişanlarının, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan məhşurların həyatlarını əks etdirən lövhələrin, heykəltaraşlıq əsərlərinin, sökülərək erməni mədəniyyətinin nümunələri və heykəlləri ilə əvəzlənməsi, İslam dini abidələrinin, o cümlədən qəbristanlıqların, qəbirüstü abidələrin tamamilə dağıdılaraq yerlə yeksan edilməsi, memarlıq abidələri üzərindən türk simvollarının və digər bədii daş nümunələrinin məhv edilməsi və ya götürülərək ərazidən çıxarılması işləri və s. daxildir.
Azərbaycanın işğal altındakı ərazilərində, erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməlidir. Çünki, Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Bu fəaliyyətdən ermənilərin əsas məqsədi, işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Halbuki, bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı etnik təmizləmə apararaq Ermənistanı təkmillətli respublikaya çevirdilər, 1992-ci ildə isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı 7 rayonu işğal edərək etnik təmizləməyə məruz qoydular.
Məlum olduğu kimi torpaqlarımızın 20 faizdən çoxunu işğal edən Ermənilər on illər boyu maddi və mədəniyyət nümunələrimizi, musiqilərimizi oğurladıqları kimi milli mədəniyyət və incəsənət nümunələrimizi də mənimsəyirlər. Tarix və mədəniyyət abidələri mənsub olduğu xalqın həm tarixini və həm də mədəniyyətinin özünəməxsusluğunu yaşadan yeganə vasitədir. İşğal edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin məhv edilməsi Azərbaycan xalqın milli varlığının yer üzündən silinməsinə hesablanmış bir hadisədir.
Ermənistan xarici siyasətinin çox təhlükəli məqamlardan biri, son zamanlar Azərbaycanın milli-mədəni dəyərlərinin mənimsənilməsi prosesinin daha da gücləndirilməsidir. Artıq dünyanın bir çox aparıcı dövlətlərinin sərgi pavilyonlarında Azərbaycan mətbəxinin bir çox nümunələri erməni məhsulları kimi nümayiş etdirilir. Bir çox ölkələrdə isə Azərbaycan xalqına məxsus rəsm əsərləri, bəzək əşyaları, bədii toxuculuq sənəti nümunələri, təsviri sənət nümunələri, mozaikalar, əlyazmalar, vitrajlar (rənglı şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar). Musiqi əsərləri, musiqi alətləri və s. ermənilərin milli-mədəni dəyərləri kimi təqdim edilir. Bütün bunların vaxtında qarşısı alınmasa, getdikcə daha təhlükəli bir prosesə çevriləcəkdir.
Məlumdur ki, SSRİ dövründə Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səthi aparıldığından, o dövrdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf 7 rayonun ərazilərində xeyli sayda daşınmaz tarix və mədəniyyət abidələri dövlət qeydiyyatdan kənarda qalmasına səbəb olmuşdur. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında böyük çətinliklər yaradır.
Apardığımız tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycanın milli-mədəni irsinin 80 mindən çox möhtəşəm nümunəsi ermənilər tərəfindən qarət edilərək ölkədən çıxarılmışdır. Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində 2550 daşınmaz tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan 901-i dövlət qeydiyyatında olan, 1351-i yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli, 13-ü isə beynəlxalq əhəmiyyətli abidələrdir.
Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin , 63-ü tamamilə 4-ü isə qismən ermənilər tərəfindən dağıdılaraq yararsız hala salınmışdır.
Azərbaycanlılara məxsus 879 qəbristanlıq, 50 türbə (qəbirüstü monumental tikili), 92 inanc yeri (ziyəratgahlar), 36 körpü (tarixi əhəmiyyətli), 39 antik qala, 262 monumental kompleks, 253 arxeoloji abidə tamamilə dağıdılıb yararsız hala salınmışdır. 102 adda xristianlıq dövrü abidənin adları dəyişdirilmiş, bir çoxlarının interyerindən ornamental lövhələr silinmiş, 58 abidəyə erməni kilsəsi “statusu” verilmişdir.
Etnik təmizləməyə məruz qalmış azərbaycanlıların inzibati yaşayış mərkəzlərində işğal dövrü 15 yeni erməni kilsəsi tikilmiş, 1000-dən çox bədii erməni-xaçdaşları inşa edilmişdir. Beynəlxalq təşkilatların təziqləri nəticəsində Ağdam cümə məscidinin, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olmuşdur.
1968-ci ildə azərbaycanlı arxeoloqlar tərəfindən kəşf edilən Azıx mağarasını ( bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edilir) ciddi dağıntılara məruz qalmışdır. Xocalı kurqanları tamailə dağıdılaraq yer üzündən silinmişdir. Bu cinayətləri törətməkdə heç bir maneə və təziqlərlə qarşılaşmayan ermənilər, hazırda Ağdam rayonunun Şahbulaq ərazisində bu cür dağıntı işlərini davam etdirirlər. Hesab edirik ki, Ermənistanın bu əməlləri hüquqazidd nəticələr doğurur.
Bu məsələ tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir.
Məlumdur ki, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitə tərəfindən müzakirə edilərək qərar qəbul edilib. 2012-ci ilin qərarına əsasən, Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib. Katiblik tərəfindən hazırlanan sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və digər aspektlər yer alıb.
Cənab Donald Tusk! Odur ki, sizdən xahiş edirik, Dağlıq Qarabağ və ətraf yeddi rayonların ərazilərində tarix və mədəniyyət abidələrinin vəziyyətini yoxlamaq üçün, Azərbaycanın ictimaiyyət nümayəndələrinin moritorinq keçirmələrinə yardımçı olasınız”.
BƏXTİYAR