Politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən son proseslərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Dağlıq Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlar hazırda hansı mərhələdədir?
- Konfliktologiyada konkret düstur, nəzəriyyə yoxdur. Amma bütün hallarda irəliləyişin olması vacibdir. Həmsədrlərin başqa çirkin niyyətləri yoxdursa, Dağlıq Qarabağ münaqişəsilə bağlı aöparılan danışıqlarda irəliləriş əldə etmək mümkündür. Dünyada "Məkik diplomatiyası" deyilən anlayış var. Münaqişənin həlli ilə bağlı formal danışıqlar aparılır, yalan hay-küy salınır, amma real addımlar atılmır. İstəməzdim ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı da belə məkrli siyasət yürüdülsün. Prezidentlərin və onların şəxsi nümayəndələrinin iştirakı ilə dəfələrlə görüşlər keçirilib, prinsiplər razılaşdırılıb. Amma əsas razılığa gələndə Ermənistan cığallıq edir. Praqa görüşündə məsələlərin 80 faizi razılaşdırılmışdı. Təkcə Dağlıq Qarabağın statusu və xalqların öz müqəddəratını müəyyən etmə hüququndan başqa. Hər iki məsələni Ermənistan tərəfi irəli sürür. Yəni Azərbaycandan güzəşt almaq niyyətindədir. Azərbaycan prezidenti dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazırıq, amma ölkə ərazisində ikinci dövlətin yaradılmasına imkan verilməyəcək. Hazırda proseslər məhz status və xalqların müqəddəratını müəyyən etmə məsələsində dalana dirənib. Dalandan çıxmaq üçün isə Ermənistana təzyiqlərin edilməsi vacibdir. Təzyiq edən isə yoxdur.
- Bu arada Rusiyanın 7 rayonun Azərbaycana qaytarılması üçün Ermənistana təzyiq etdiyi qeyd olunur. Bu nə dərəcədə inandırıcıdı?
- Məlumatlara görə, Vladimir Putin 7 rayonun Azərbaycana qaytarılması üçün Ermənistana təzyiq göstərir. Bununla bağlı Kremllə Bakı arasında bəlli fikir alış-verişi var. Son məlumatlarda isə qaytarılacaq rayonların sayı 5-ə enib. Qeyd olunur ki, ermənilər Kəlbəcər və Laçınıla yanaşı Zəngilanı da Azərbaycana qaytarmaq fikirində deyillər. Ermənilər Kəlbəcər məsələsində daha prinsipial görsənirlər. Kəlbəcərin qızıl yataqları, isti suyu Ermənistan büdcəsində mühüm rol oynayır. Kəlbəcərdən Göyçəyə ikinci yol çəkilir və bu yola külli miqdarda vəsait xərclənib. Mən əminəm ki, Azərbaycan tərəfi 7 rayon məsələsində Ermənistana heç bir güzəştə getməyəcək.
- Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı müxtəlif yanaşmalar var. Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski Dağlıq Qarabağda ruslardan ibarət sülhməramlıların yerləşdirilməsi təklifi ilə çıxış edib. Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab verirmi?
- Rusiya istəyir ki, Dağlıq Qarabağda yalnız ruslardan ibarət sülhməramlılar olsun. Amma Azərbaycanın səyi nəticəsində bu yanaşma tədricən aradan qalxdı. Rəsmi Bakı təklif etdi ki, bu missiyanı ATƏT-in həmsədr ölkələri öz üzərinə götürsün. Yəni Rusiya ilə yanaşı ABŞ və Fransa da prosesdə iştirak etsin. Bu, çox çətin prosesdir. 7 rayon Azərbaycana qaytarılandan sonra Dağlıq Qarabağda hansı ölkənin sülhməramlılarının olmasının o qədər də əhəmiyyəti qalmayacaq. Çünki Dağlıq Qarabağ coğrafi baxımından Azərbaycanın nəzarətində qalacaq. Qüdrətli Azərbaycan dövlətinin qarşısında Dağlıq Qarabağdakı azsaylı ermənilər duruş gətirə bilməyəcək və özləri bizim tərkibimizə qatılmaq barədə təşəbbüslə çıxış edəcəklər.
Ayxan