7 Aprel 2015 11:43
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsa Qəmbər təklif etdi, Arif Hacılı yerinə yetirdi

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin I müavini Vurğun Əyyubun Müsavat Partiyası Məclis üzvlüyündən çıxarılması yeni qalmaqala yol açıb.

V.Əyyubla bağlı Müsavatın verdiyi qərar nəinki ADR-çilər, müsavatçıların özləri tərəfindən də narazılıqla qarşılanıb.

İsa Qəmbərdən Vurğun Əyyubla bağlı şok qərar

Müsavatın sabiq başqanı İsa Qəmbər V.Əyyubun Məclisdən çıxarılması məsələsinin səsverməyə qoyulmasına lüzum bilməyib: “Vurğun Əyyubun məsələsi çox uzanır, heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.

Təklif nəzərə alınaraq, V.Əyyubun adı Məclis üzvlüyündən çıxarılıb.

Bu qərara Qadınlar Birliyinin sədri Ellada Məmmədli və Məclis üzvü Lətafət Məlikova etiraz edib.

İbadoğlu İsa Qəmbərin təşkilatından istefa verdi

Müsavat başqanlığına keçmiş namizəd, partiya sıralarından çıxarılan ADR Hərəkatının sədri Qubad İbadoğlu elə V.Əyyubun Məclisdən çıxarıldığı gün İsa Qəmbərin sədri olduğu Milli Strateji Düşüncə Mərkəzindən istefa verib.

Hazırda ABŞ-da olan Q.İbadoğlu bu barədə qərarını özünün Facebook səhifəsində bəyan edib: “2014-cü ilin sentyabr ayından indiyə qədər Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) məşvərət heyətinin toplantılarında iştirak etmirəm. MSDM-nin bundan sonrakı iclaslarına da qatılmaq fikrində deyiləm. Odur ki, bu təşkilatdan və onun məşvərət heyətindən çıxdığımı bildirirəm”.

ADR sədrinin revanşı

Qeyd edək ki, AXCP və Müsavat Partiyasının aktiv olduğu İctimai Palatanın fəaliyyətinə xitam veriləndən sonra İsa Qəmbər Düşüncə Mərkəzini təsis etmişdi. Bu qurumun toplantılarına müsavatçılarla yanaşı İ.Qəmbərə yaxın olan siyasətçilər də qatılırdı. Lakin Milli Şura və AXCP rəhbərliyi 1 ilə yaxındır fəaliyyət göstərən Düşüncə Mərkəzinin iclaslarında bir dəfə olsun iştirak etməyib.

Q.İbadoğlu da ötən ilin sentyabrında Müsavatın qurultayından sonra qurumla əlaqələrini kəsmişdi. Məhz yaxın tərəfdarı Vurğun Əyyubun Müsavat Məclisindən çıxarıldığı gün özü Düşüncə Mərkəzindən çıxdığını bəyan etdi.

“Adım çoxdan Məclis üzvlərinin siyahısından çıxarılmalı idi”

Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması qərarına reaksiyası belə olub: “Müsavat Partiyası Məclisindən çıxmaq əslində mənim öz qərarım idi. Çünki qurultaydan sonra bəyan etmişdim ki, özümü Məclis üzvü hesab etmirəm. Ona görə də, bu məsələ mənim üçün elə bir əhəmiyyət kəsb etmir. Partiyanın qurultayından sonrakı həftədə Məclisin formalaşmasını və fəaliyyətini qeyri-legitim saymışam. Özümü də Məclis üzvü hesab etməmişəm. Çünki Məclis üzvü kimi səlahiyyətlərimin təsdiqi nizamnamədə göstərilən proseduralara zidd şəkildə təsdiqlənmişdi. Məncə, Məclis mənim özümü bu qurumun üzvü saymadığımı əsas tutub çoxdan adımı Məclis üzvlərinin siyahısından çıxarmalı idi. Ancaq elə anlaşılmasın ki, mən bütün Məclis üzvlərinin hamısını qeyri-legitim sayıram. Müsavatın rayon təşkilatlarının sədrləri tam qanuni Məclis üzvləridir və mən onların legitimliyini tanıyıram. Mən qurultayda seçilən Məclis üzvlərinin təsdiqində baş verənləri prosedur qaydalarına zidd saymışam”.

Onun sözlərinə görə, Müsavat Məclisinin qərarı onu qəti təəccübləndirməyib. Vurğun Əyyub Müsavat Partiyasının üzvü olaraq qaldığını bildirib: “Əgər partiyadan çıxarmasalar, Müsavatın sıravi üzvü olaraq qalıram”.

“Məclis deputatlığa namizədliyimi təsdiqləməsə, bu, partiyanın problemi olacaq”

Vurğun Əyyub partiyanın Suraxanı rayon təşkilatının onun deputatlığa namizədliyini irəli sürməsinə də münasibətini bildirib: “Mənim deputatlığa namizədliyimi irəli sürdükləri üçün Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvlərinə öz təşəkkürlərimi bildirirəm. Əgər Müsavat Məclisi namizədliyimi təsdiqləməsə, bu, artıq partiyanın problemi olacaq”.

“Arif Hacılı Müsavatı parçaladı”

Müsavat Qadınlar Birliyinin sədri, ADR sədrinin müavini Ellada Məmmədli hesab edir ki, verilən qərar Müsavat rəhbərliyinin Vurğun Əyyuba qarşı kininin, qərəzinin göstəricisidir: “Bu qərəz uzun illərdir davam edir. Onlar öz varlıqlarını sübut etmək üçün belə bir addım atdılar. İstəyirlər ki, onlara biət edək. Müsavat rəhbərliyi Vurğun bəyin partiyadan çıxarılmasına çalışırdı, rəhbərlik dəfələrlə partiya özəyinə müraciət etsə də, onlar buna razılıq verməyiblər. Vurğun Əyyubu aşağılamaq üçün bütün vasitələrdən istifadə etdilər. Qurultaydan sonra partiya rəhbərliyini kim tənqid edirsə, partiyadan uzaqlaşdırılır. Arif Hacılı Müsavatın başqanı ola bilər. Tarixdə adının qarşısında kim olduğu da qeyd olunacaq. Arif Hacılı Müsavatı parçaladı”.

“Nizamnaməyə görə Vurğun Əyyub Müsavat Məclisinin üzvüdür”

Başqanlığa keçmiş namizəd Tural Abbaslı sözügedən qərarı yanlış hesab etdiyini deyib: “Vurğun bəyin Məclis sıralarından xaric edilməsi yaxud bu barədə diskussiyalar partiya nüfuzuna daha çox zərər vurur. Partiya rəhbərliyinin bu məsələnin üstünə bu qədər getməsini siyasi baxımdan doğru addım saymıram. Bunu qurultayaqədərki yarışın hələ də lazımsız davamı kimi qiymətləndirirəm. Vurğun Əyyubu texniki baxımdan Məclis üzvlüyündən xaric olunmuş kimi qəbul etmirəm. Çünki partiya Nizamnaməsində bu məsələlər çox aydın şəkildə öz əksini tapıb. Kimsə Məclis üzvlüyündən ancaq və ancaq gizli səsvermə ilə xaric oluna bilər. Bülleten hazırlanmalı, Vurğun Əyyubun adı oraya salınmalı, lehinə, əleyhinə qrafalar təyin olunmalı, Məclisin ümumi sayının 50+1 nəfəri Vurğun Əyyubun xaric olunmasının lehinə səs verəcəyi halda çıxarılmalı idi. İsa Qəmbər çıxış edərək deyib ki, bunu səsə qoymağa ehtiyac yoxdur, çünki Vurğun bəy özünü Məclis üzvü hesab etmir və bu məsələ bitmiş hesab olunur. Ona görə də səsə qoyulmadan xaric olunub. Bu isə başdan ayağa Nizamnaməyə uğun olmayan mövqedir”.

“Müsavatda heç vaxt şah qanun olmayıb, qanun şah olub”

T.Abbaslının sözlərinə görə, Nizamnaməyə görə, kimsə hansısa postdan istefa verirsə, bu, yazılı şəkildə ərizə ilə təqdim olunmalı və səsvermə keçirilməlidir: “Odur ki, kimin nə deməyindən asılı olmayaraq Nizamnaməyə görə Vurğun Əyyub Müsavat Məclisinin üzvüdür. Müsavatda heç vaxt şah qanun olmayıb, qanun şah olub. Bunu kimsə dəyişmək istəyirsə, çox uğursuz cəhddir”.

Arif Hacılı: “Qurultaydan sonrakı fəsadlar aradan qaldırılıb”

Müsavat Partiyasının başqanı Arif Hacılı isə çıxış edərək barəsindəki ittihamlara cavab verib. Onun sözlərinə görə, Müsavat Partiyasında qurultaydan əvvəl və qurultaydan sonra yaranmış fəsadlar aradan qaldırılıb: “Hazırda Müsavat Partiyası əvvəlki illərə nisbətən daha çevik fəaliyyət göstərir. Bir çox fəaliyyətsiz rayon təşkilatları buraxılaraq yeni rayon təşkilatları yaradılıb. Partiya 6 ay müddətində respublika ərazisində iki zona müşavirəsi keçirib və bütün rayon təşkilatları həmin toplantılarda iştirak ediblər”.

O, Müsavat Partiyasının parlament seçkilərinə hazırlığından da söz açıb. O vurğulayıb ki, Müsavat Partiyası adından deputatlığa namizəd olacaq şəxs partiya qarşısında müəyyən öhdəlik götürməlidir: “Çünki biz görmüşük ki, bəzi üzvlər deputat seçiləndən sonra, partiya əleyhinə fəaliyyət göstərir, strukturlara tabe olmur. Bu baxımdan öhdəliyin olması vacibdir. Sonda namizədləri Müsavat Partiyasının Məclisi təsdiqləyəcək”.

Müsavat başqanı AXCP-nin bostanına daş atıb

O, AXCP-nin bostanına da daş atıb: “Təəssüflər olsun ki, özünü müxalifət hesab edən bəzi qüvvələr də Müsavatın zəiflədiyi görüntüsünü yaratmağa çalışır. AXCP rəhbərliyi Müsavatın Milli Şuranın mitinqində iştirakını arzulamır. Müsavatın Milli Şuranın mitinqində iştirakı üçün 3 dəfə AXCP rəhbərliyinə müraciət etmişəm. Bir dəfə Cəmil Həsənli ilə görüşüb danışmışam. Amma onlar Müsavat Partiyasının bu prosesdə iştirak etməyini istəmirlər. Mən təkəbbürlü adam deyiləm və bu məsələyə şəxsi iş kimi baxmıram”.

Sonda müsavatçıların təklifi ilə aprelin 19-da mitinq keçirmək barədə qərar verilib.

Əli Kərimlinin sabiq müşaviri Müsavat Məclisinə üzv seçildi

Qeyd edək ki, Məclisin boş qalan 27, Mərkəzi Nəzarət-Təftiş Komissiyanın (MNTK) isə boş qalan 4 yerinə seçkilər keçirilib. Seçkilərin nəticəsinə əsasən, Məclisə 27 üzv seçilib və bununla da Məclisin formalaşması başa çatıb.

MNTK-nın isə 4 yerindən ikisinə üzv seçilib, ikisi boş qalıb.

Məclisə seçilənlər sırasında Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri Şakir Abbaslı da var.

Təlimat sənədinə etiraz

Müsavatdakı Təlimat sənədi də etiraza səbəb olub. Məclis üzvü Ləlafət Məlikova Müsavat Məclisinin parlament seçkilərində partiyadan namizədliyini irəli sürən şəxslərlə bağlı Təlimat sənədinin qəbul edilməsinə qarşı olduğunu dilə gətirib. O, Məclisin toplantısında Təlimatın əleyhinə səs verdiyini söyləyib: “Tutaq ki, parlament seçkilərində iştirak etmək istədim, amma məndən xoşu gəlməyənlər Məclisdə namizədliyimin irəli sürülməsinə səs vermədilər. Mənim hüququm pozulmurmu? Burada həm mənim, həm də namizədliyimi irəli sürən rayon təşkilatının haqqı pozulur. Mən də istəyirəm ki, Nizamnamə pozulmasın”.

NƏRGİZ


Müəllif: