Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, görüşə görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən amerikalı diplomat qədim tarixə və zəngin mədəniyyətə malik respublikamıza səfir təyin olunmasından şərəf duyduğunu vurğulayıb. O, ABŞ hökumətinin güclü və müasir demokratik Azərbaycanla əlaqələrə böyük önəm verdiyini nəzərə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələr üzrə mövcud tərəfdaşlıq münasibətlərinin enerji, nəqliyyat, təhlükəsizlik, terrorizmlə mübarizə və digər istiqamətlərdə daha intensiv davam etdirilməsi üçün hər cür imkanların olduğu bildirilib. Səfirin fəaliyyəti dövründə qarşılıqlı faydalı əməkdaşlıq potensialından səmərəli istifadə olunacağına əminlik ifadə edən tərəflər, xüsusilə xalqımız üçün mühüm olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müvafiq addımların atılmasının vacibliyini vurğulayıblar.
Görüşdə qarşılıqlı münasibətlərin perspektivi baxımından tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.