Tədbirdə kibertəhlükəsizlik məsələləri müzakirə edilir.
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat erasında milli təhlükəsizliyin təmin olunmasına dair iki günlük konfrans təşkil edib.
Teleqraf.com xəbər verir ki, konfrans Azərbaycanın 30-dan çox dövlət və özəl təşkilatlarının 90-a yaxın nümayəndəsi, eləcə də kibertəhlükəsizlik üzrə ixtisaslaşmış beynəlxalq ekspertəri bir araya gətirib.
Konfransın məqsədi, kibertəhlükəsizliklə bağlı qanunvericiliyə, fəaliyyət strategiyasına, beynəlxalq əməkdaşlığa və kiberməkanda təhlükəsizliyin təminatı üçün ümumi potensialın inkişaf etdirilməsinə xüsusi diqqət ayırmaqla, kibertəhlükəsizlik sahəsində mövcud yeniliklər barədə dövlət qurumlarını, eləcə də özəl və qeyri-kommersiya təşkilatlarını maarifləndirməkdən ibarətdir.
ATƏT-in Bakı Layihə Əalqələndiricisi, səfir Aleksis Şahtaxtinski bildirib ki, Azərbaycanda infrastrukturun müasirləşdirilməsi və informasiya texnologiyalarının dövlət və özəl sektoruna nüfuz etməsi ilə müşaiət olunan surətli iqtisadi inkişaf, ölkədə kibercinayətkarlığın qarşısının alınması və ona qarşı mübarizə imkanlarının genişləndirilməsinin zəruriliyini artırır: “Mümkün təhlükələrin qarşısını almaq üçün səy göstərərkən, biz həddindən artıq sərt tədbirlər görməməli və kiberməkanın fəaliyyətinin ümumilikdə cəmiyyətə verdiyi faydanı qurban verməməliyik”.
Konfrans zamanı, tanınmış ekspertlər və təcrübəli mütəxəssislər kibertəhlükəsizlik üzrə ən uğurlu beynəlxalq təcrübələri Azərbaycanlı həmkarları ilə bölüşüb. Panel müzakirələri prokurorlar, hakimlər və hüquq mühafizə orqanları əməkdaşları üçün texniki və əməli biliklərini artırmaq imkanı yaradıb. Tədbir, həmçinin Azərbaycanda kibertəhlükəsizlik imkanlarlarının gücləndirilməsi məqsədilə məmurların özəl sektorla tərəfdaşlığının inkişaf etdirilməsinə zəmin yaradıb.
Bu tədbir, Azərbaycanda kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin həyata keçirdiyi layihənin bir hisssəsidir. Layihə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçirilir.
Nemət