Arzuxan Əlizadə: “AMİP Müsavatdakı çalxalanmanı 2004-cü ildə keçib”
Azərbaycan Milli İstiqlal Partiyası (AMIP) bu il parlament seçkilərində iştirakla yanaşı, özünün qurultayını keçirəcək.
Bu barədə qərar partiyanın Mərkəzi Şurasının (MŞ) son iclasında qəbul edilib. MŞ-də təşkilati məsələ, ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi, Milli Məclisə 2015-ci ilin noyabrında keçiriləcək seçkilərdə iştirak, AMİP-in növbəti XI qurultayının çağırılması ilə bağlı müzakirələr olub.
Təşkilati məsələ ilə əlaqədar AMİP Siyasi Şurasında vakant olan yerlərə namizədlər irəli sürülüb və səs çoxluğu ilə Xanmirzə Məlikəliyev, Yəhya Həsənov, Əli Oruclu və Afsəddin Nəbiyev AMİP SŞ üzvləri seçiliblər.
Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı AMİP sədri Yusif Bağırzadə siyasi məruzə ilə çıxış edib. Mərkəzi Şura üzvləri məruzə ətrafında geniş müzakirələr aparıblar.
İclasda Milli Məclisə seçkilərdə partiya olaraq iştirak etmək barədə ilkin qərar qəbul edilib, seçkilərə nəzarətin birgə təşkili, bəzi seçki dairələri üzrə daha şanslı namizədlərin müdafiəsi və sair məsələlərlə əlaqədar digər partiyalarla müzakirələr aparılması və əməkdaşlıq barədə sazişlərin imzalanması məqsədəmüvafiq hesab edilib. Mərkəzi Şura AMİP Nizamnaməsinə müvafiq olaraq bu kimi məsələlərlə əlaqədar qərar verilməsi barədə partiyanın Siyasi Şurasına əlavə səlahiyyətlər verib.
Daha sonra AMİP-in növbəti XI Qurultayının çağırılması ilə bağlı məsələ müzakirə edilib və Siyasi Şurada AMİP Baş Katibi Arzuxan Əlizadənin rəhbərliyi ilə Qurultayın Keçirilməsi üzrə Təşkilat Komitəsinin formalaşdırılması barədə qərar qəbul edilib.
Qurultay parlament seçkisindən əvvəl olacaq
A.Əlizadə qəzetimizə açıqlamasında bildirdi ki, partiyanın qurultayı parlament seçkilərindən əvvəl keçiriləcək: “Vaxtla bağlı Siyasi Şurada müzakirələr olacaq. Konfranslara start verilib. Qurultayın keçiriləcəyi gün konfransların yekunlaşmasından asılıdır”.
Onun sözlərinə görə, qurultayda bütün seçkili qurumlar yenidən formalaşacaq: “AMİP Nizamnaməsinə müvafiq olaraq sədr seçiləcək, qurultaylar arası dövrdə partiyanın əsas ali orqanı olan Mərkəzi Şuraya seçkilər keçiriləcək. Mərkəzi Şuranın tərkibi 75 nəfər üzv, 25 nəfər namizəddən ibarətdir. Bir sözlə, qurultayda sədrlə yanaşı, 100 nəfər Mərkəzi Şuraya, 9 nəfər isə Mərkəzi İntizam Komissiyasına üzv seçiləcək. Qurultaydan dərhal sonra keçirilən Mərkəzi Şuranın iclasında sədrin təqdimatı ilə baş katibin namizədliyi səsə qoyulacaq. Baş katib seçiləndən sonra partiyanın müxtəlif sahələrinə rəhbərlik edən 5 sahə üzrə katibin təyinatını verəcək. Mərkəzi Şurada bu təyinatlar seçki yolu ilə reallaşır”.
“AMİP-in qurultayında Müsavatdakı kimi parçalanmanın olması gözlənilmir”
O, İsa Qəmbərin partiya başqanlığından gedişindən sonra Müsavatda yaşanan gərginliyin AMİP-də olma ehtimalını da şərh etdi. A.Əlizadənin fikrincə, Müsavatda İsa Qəmbərin başqanlıqdan getməsindən sonra olan çalxalanmalar fonunda Azərbaycan təcrübəsi göstərir ki, bu, digər təşkilatlarda da qaçılmazdır: “Çünki bizdə partiyalar əsasən şəxslər ətrafında formalaşıb. Həmin şəxslər partiya rəhbərliyindən gedəndən sonra partiya daxilində növbəti sədrin hansı səviyyədə qəbul olunması məsələsi gündəmə gəlir. Ona görə də müəyyən çaxnaşmalar olur. AMİP-in budəfəki qurultayında Müsavatdakı kimi parçalanmanın olması gözlənilmir. Çünki AMİP artıq o prosesi keçib. 2004-cü ildə Etibar Məmmədov partiya sədrliyindən gedən sonra müəyyən çaxnaşma oldu, bu proses yekunlaşıb. Düşünmürəm ki, AMİP-də bir daha belə hal olsun”.
“Yusif Bağırzadəyə rəqiblər olacaq”
Özünün sədr olub-olmayacağına gəlincə, A.Əlizadə hələ bununla bağlı konkret fikir bildirmək niyyətində olmadığını söylədi: “Seçkidə sədrə alternativ olacağı gözləniləndir. Ötən seçkilərdə də alternativ vardı. Goranboy rayon təşkilatının sədri Xəqani Məhərrəmov Yusif Bağırzadəyə rəqib idi”.
O əlavə etdi ki, Yusif Bağırzadənin özü də çox güman ki, sədrliyə namizədliyini irəli sürəcək: “AMİP-də partiya sədri olmağa kifayət qədər potensiallı insanlar var. Sədr dəyişməsi və başqa şəxsin partiyanın başına gəlməsi də nəzəri cəhətdən mümkündür. Ola bilər kimsə namizədliyini versin, yaxud Yusif bəy özü hətta namizədliyini verməsin. Şübhəsiz, təbliğat zamanı çox şeylər aydın olacaq”.
Onun sözlərinə görə, qurultaya hazırlıq seçkilərə hazırlıqla paralel aparılacaq: “Onsuz da seçki ərəfəsində bütün strukturlar hərəkətə gətirilir. Rayon təşkilatlarında və regional müstəvidə müəyyən toplantılar, görüşlər olur. Qurultaya hazırlıq dövründə partiyanın bütün sıravi üzvləri həm qurultaya, həm də parlament seçkilərinə cəlb olunur”.
“Etibar Məmmədov partiya lideri kimi daha yüksək statusa malikdir”
“Etibar Məmmədovun yenidən partiya sədrliyinə qayıtması üçün çağırışlar ola bilərmi” sualını A.Əlizadə belə cavablandırdı: “Etibar bəy qərarını verib. O, partiyanın lideridir. Statusuna görə partiya lideri ali şəxs kimi partiya sədrindən daha üstündür. Hesab etmirəm ki, Etibar Məmmədov yenidən AMİP sədri olmaq fikrinə müsbət münasibət bildirsin. Dəfələrlə bəyan edib ki, artıq sədrlikdən gedib. Bu gün partiya lideri olaraq, şübhəsiz, daha yüksək statusa malikdir”.
NƏRGİZ